Təcavüzdə ittiham edilən futbolçu bəraət aldı

27 Fevral 2026 13:04
77
Təcavüzdə ittiham edilən futbolçu bəraət aldı

Fransalı futbolçu Vissam Ben-Yedderə qarşı irəli sürülən təcavüz ittihamı üzrə məhkəmə işi yekunlaşıb. Prokurorluğun tələbi ilə 2025-ci ilin sentyabrında başlayan və noyabrda iki illik şərti həbs cəzası ilə nəticələnən cinayət işi apellyasiya mərhələsində ləğv edilib.

İdman.Biz “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, məhkəmə sübutların yetərsizliyi səbəbindən futbolçu haqqında bəraət hökmü çıxarıb.

Qərarın elanından sonra Ben-Yedder sosial şəbəkə hesabında hisslərini bölüşüb:

“Mən hər zaman təqsirsiz olduğumu bəyan etmişəm. Ən başından bəri məni dəstəkləyən hər kəsə - ailəmə, azarkeşlərimə və ictimaiyyətə təşəkkür edirəm”.

Məhkəmə çəkişmələri səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan 35 yaşlı hücumçu artıq yeni klubuna transfer olunub. O, cari ilin yanvar ayında Mərakeşin “Vidad Kasablanka” klubu ilə altı aylıq müqavilə imzalayıb. Məhkəmənin son qərarından sonra təcrübəli forvardın futbol karyerasına tam fokuslanacağı gözlənilir.

Qeyd edək ki, Ben-Yedder karyerası ərzində “Monako”, “Sevilya” və “Tuluza” kimi klublarda çıxış edib, Fransa millisinin heyətində 19 oyuna üç qol vurub.

İdman.Biz