“Benfika”nın baş məşqçisi Joze Mourinyonun yenidən Madriddə işləmək ehtimalı sıfıra enib. Portuqaliya klubu ilə “Real” arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yaşanan irqçilik insidenti təcrübəli mütəxəssisin imicinə ciddi zərbə vurub.
İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, Mourinyonun matçdan sonrakı davranışı həm azarkeşlərin, həm də “kral klubu”nun rəhbərliyinin kəskin etirazına səbəb olub. Görüşün 50-ci dəqiqəsində vurduğu qolu rəqs edərək qeyd edən Vinisius Junior portuqaliyalı azarkeşləri təhrik etdiyi iddiası ilə sarı vərəqə alıb. İkinci hissədə isə oyun Vinisiusun “Benfika”nın hücumçusu Canluka Prestiannini irqçilikdə ittiham etməsindən sonra bir müddət dayandırılıb.
Matçdan sonra verdiyi açıqlamalarda hadisəyə görə məsuliyyəti tamamilə Vinisiusun üzərinə yıxan Mourinyo İspaniya mətbuatı tərəfindən sərt tənqid olunub. Bu hadisədən sonra Madrid klubunda portuqaliyalı mütəxəssisin namizədliyi tamamilə gündəmdən çıxarılıb.
