“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqası çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri çətin oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandasının qələbəyə daha yaxın olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, Kaşkilya rəqibin oyun üslubunun işlərini çətinləşdirdiyini qeyd edib.
“Oyun gözlədiyimiz kimi gərgin keçdi. “Şamaxı” fiziki futbola üstünlük verir və tez-tez qayda pozuntuları ilə tempini aşağı salmağa çalışır. Buna baxmayaraq, hesab edirəm ki, qalib gəlməli olan tərəf biz idik. İki dəfə topun dirəyə dəyməsi və bir neçə real imkandan yararlana bilməməyimiz nəticəyə birbaşa təsir etdi. Formal olaraq bir xal qazansaq da, oyunun axarına görə iki xal itirdiyimizi demək olar”, - deyə mütəxəssis bildirib.
Baş məşqçi sona qədər mübarizə aparan futbolçularına və komandanı tək qoymayan azarkeşlərə minnətdarlığını çatdırıb:
“Azarkeşlərimiz uzun yol qət edərək bizə dəstək oldular. Onlara qələbə sevinci yaşatmaq istəyirdik, amma alınmadı. Onların inamı növbəti oyunlarda bizim üçün əlavə motivasiya olacaq”.
