Arzulanan axşam: Çempionlar Liqasının pley-off mərhələsi - “Qarabağ” - “Nyukasl” - İDMAN.BİZ-in İCMALI

18 Fevral 2026 16:16
114
Arzulanan axşam: Çempionlar Liqasının pley-off mərhələsi - “Qarabağ” - “Nyukasl” - İDMAN.BİZ-in İCMALI

Bu axşam “Qarabağ” futbol klubu üçün bir vaxtlar arzu kimi səslənən reallığa çevrilir - Çempionlar Liqasının pley-off mərhələsinin qarşılaşması. Təbii ki, Avropanın ən güclü 24 komandası arasında yer almaq artıq böyük uğurdur.

İdman.Biz xəbər verir ki, “Nyukasl”la qarşılaşmanın ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Belə duellərdə çox vaxt komandaların ümumi səviyyəsindən daha çox, məhz “indi və burada”kı durumu həlledici olur.

№Nyukasl” Bakıya çətin dövrdən sonra gəlir. Eddi Haunun komandası Premyer Liqada “Tottenhem”i (2:1), daha sonra İngiltərə Kubokunda “Aston Villa”nı (3:1) məğlub edərək özünəinamı bərpa edib. Halbuki bundan əvvəl “Liverpul”a (1:4), “Brentford”a (2:3) uduzmuş, Liqa Kubokunda isə “Mançester Siti”yə (1:3) məğlub olaraq mübarizəni dayandırmışdı. Yəni Bakıya yenidən qalibiyyət ritmini tutan, amma yaxın keçmişdə zəif görünən rəqib gəlir.

Oxşar, lakin daha kiçik miqyasda vəziyyət “Qarabağ”da da yaşanıb. “Kəpəz”ə 0:2 hesablı məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası toparlanaraq “Şamaxı” (2:1) və “İmişli” (1:0) üzərində səfər qələbələri qazanıb. Bu oyunlar parlaq olmasa da, vacib məqamı göstərdi: “Qarabağ” yenidən praqmatik və diqqətli futbol oynamağa başlayıb. Avrokuboklarda isə məhz bu keyfiyyət daha dəyərlidir.

Cari mövsümdə ağdamlıların Bakıda keçirdiyi Avropa oyunlarını bir detal birləşdirir - komanda mütləq qol vurur. “Kopenhagen” (2:0), “Çelsi” (2:2), “Ayaks” (2:4), “Ayntraxt” (3:2) ilə matçlarda meydan sahibləri şansını tapıb. “Nyukasl”ın səfər statistikası isə fərqlidir: “Union Sen-Jillua” üzərində 4:0 hesablı qələbə istisna olmaqla, “Marsel” (1:2), “Bayer” (2:2) və PSJ (1:1) ilə oyunlarda ingilislər qapılarını toxunulmaz saxlaya bilməyiblər. Bu, favorit statusunu zəiflətməsə də, oyunun ssenarisinə işarə edir – meydan sahiblərinin imkan pəncərələri olacaq və onlardan maksimum istifadə etmək lazımdır.

Qurban Qurbanov azarkeşləri narahat edən məqamlara da toxunub: qapıçı Mateuş Koxalskinin oynaması gözlənilir, Leandro Andrade ilə bağlı suallar qalsa da, onun meydana çıxmaq ehtimalı yüksəkdir. Qonaqlarda isə yarımmüdafiədə itkilər var – xüsusilə Bruno Gimarayeşin yoxluğu hiss oluna bilər.

“Nyukasl”ın əsas təhlükəsi topu tez bir zamanda hücuma çevirməsidir. Onlara qısa epizod kifayətdir ki, topu cərimə meydançasına çatdırıb təzyiq yaratsınlar. “Qarabağ” üçün əsas məsələ tempə nəzarətdir – sürət naminə sürət yox, təzyiqi dəf edib rəqibin boşluq buraxdığı anı gözləmək. Ağdamlılar məhz belə fasilələrdə ən təhlükəli olurlar.

Bakıdakı oyun paradoksal ola bilər: matç nə qədər uzun müddət bərabər getsə, meydan sahiblərinin şansı bir o qədər artacaq. “Nyukasl” üçün bu, böyük Avropa yolunun bir mərhələsidir. “Qarabağ” üçün isə tribunaların enerjisi və inamın məntiqi dəyişə biləcəyi xüsusi bir axşamdır.

Emosiyalar - bəzən təcrübəsiz komandalar üçün problem olan amil - bu dəfə ağdamlıların əsas müttəfiqinə çevrilə bilər. “Qarabağ” artıq tarixi nəticəyə imza atıb. Amma komanda axını tutarsa, İngiltərə təmsilçisinin qalası da sarsıla bilər.

İdman.Biz