İngiltərənin “Nyukasl” klubu mərkəz müdafiəçisi Den Bern fevralın 18-də Bakıda keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a qarşı matç öncəsi yüksək əhval-ruhiyyədədir.
İdman.Biz xəbər verir ki, İngiltərə Kubokunun 1/16 finalında “Aston Villa” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra beş ildir “sağsağanlar”ın formasını geyinən futbolçu son görüşdəki müsbət ovqatı Azərbaycan paytaxtına səfərə də daşımaq istəyir.
“Mövsüm üçün böyük hədəfimiz Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək idi. İstədiyimizə nail olduq və indi yolumuza davam edirik. “Qarabağ” haqqında çox məlumatımız yoxdur, amma Avropanın əsas klub turnirində yeni məkanlarda oynamaq həmişə maraqlıdır”, - deyə, boyu 201 sm olan müdafiəçi bildirib.
Bern həmçinin komanda liderlərinin təşkil etdiyi görüşün mövsümə yeni təkan verməsindən danışıb. Cəmi bir həftə əvvəl vəziyyət kifayət qədər gərgin idi: klub “Sent-Ceyms Park”da “Brentford”a 2:3 hesabı ilə uduzmuş və turnir cədvəlinin aşağı yarısına düşmüşdü. Bu isə Liqa Kubokundan kənarlaşmadan cəmi bir neçə gün sonraya təsadüf edirdi. Lakin o vaxtdan bəri “Nyukasl” “Tottenhem”lə oyunda (2:1) üç xal qazanıb, İngiltərə Kubokunun dördüncü raundunda “Aston Villa”nı məğlub edərək 1/8 finala yüksəlib. Komanda indi yarımfinalların keçirildiyi “Uembli”yə cəmi iki addım uzaqlığındadır.
Bernin sözlərinə görə, bu qələbələr qapalı qapılar arxasında keçirilən “böhran” görüşü olmadan mümkün olmazdı.
“Öz aramızda - futbolçular və məşqçilər heyəti olaraq danışdıq. Deyəsən, mövsümdə bir dəfə elə məqam olur ki, bir neçə sərt, amma səmimi söz səslənir. Bu, hamı üçün bir növ yenilənmə effekti yaradır. Əvvəllər nəyi yaxşı etdiyini təhlil edir və nəyə qayıtmaq istədiyini anlayırsan. Hamı bir-birinə dayaq olur və dəstək verir. Bəlkə də bu, iki ideal oyun deyildi, amma iki qələbə idi”, - deyə müdafiəçi etiraf edib.
İngiltərə Kuboku mart ayına qədər fasiləyə çıxdığından “Nyukasl” diqqətini Çempionlar Liqasına yönəltməlidir. Qarşıda Bakıya - “Qarabağ”la oyuna səfər var və komandaya təxminən 2 000 “sağsağan” azarkeşi dəstək verəcək. Bern hesab edir ki, “Aston Villa” üzərində qələbə səfər öncəsi əlavə motivasiya yaradır. “Bu, hər baxımdan yaxşı oyun idi. Bizə impuls verdi. Səfərdə iki qələbə qazandıq. Bilirəm ki, səfər oyunlarımızla bağlı çox danışılırdı. Amma bu, əladır - və indi irəli, “Qarabağ”la oyuna”, - deyə Bern fikrini yekunlaşdırıb.
