“Səbail” məşqçi ilə kapitan arasında yaranan münaqişədən sonra iclas keçirəcək - İDMAN.BİZ-ə AÇIQLAMA + YENİLƏNİB - FOTO/VİDEO

18 Fevral 2026 19:13
158
“Səbail” məşqçi ilə kapitan arasında yaranan münaqişədən sonra iclas keçirəcək - İDMAN.BİZ-ə AÇIQLAMA + YENİLƏNİB - FOTO/VİDEO

“Səbail” futbol klubu baş məşqçi Adil Şükürovla komanda kapitanı Yusif Nəbiyev arasında baş verən insidentlə bağlı iclas keçirəcək.

Klub direktoru Firuz Abdulla İdman.Biz-ə verdiyi açıqlamada oyundan əvvəl iki tərəf arasında heç bir problem olmadığını bildirib: “Bu oyundan əvvəl baş məşqçi Adil Şükürovla kapitan Yusif Nəbiyev arasında heç bir problem yaşanmayıb. Əminəm ki, bu, sadəcə olaraq, belə bir anda meydanı tərk etmək istəməyən kapitanın emosiyaları idi. Amma bu, Yusifə haqq qazandırmır. Cümə günü keçiriləcək klub iclasında onun davranışını nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, hadisə Birinci Liqada MOİK və “Səbail” arasında keçirilən oyunun 59-cu dəqiqəsində baş verib. Meydan sahibləri 1:0 hesabı ilə öndə ikən Nəbiyev məşqçinin onu əvəz etmək qərarına baxmayaraq meydanı tərk etməkdən imtina edib və oyuna davam edib.

17:22

Azərbaycan Birinci Liqasının 15-ci turu çərçivəsində keçirilən MOİK - “Səbail” qarşılaşması qalmaqallı epizodla yadda qalıb.

İdman.Biz xəbər verir ki, insident görüşün 60-cı dəqiqəsində “Səbail”in kapitanı Yusif Nəbiyev ilə baş məşqçi Adil Şükürov arasında baş verib.

Baş məşqçi futbolçunu əvəzləmək qərarı versə də, Y. Nəbiyev bu dəyişikliyə etiraz edib və meydanı tərk etməkdən imtina edərək oyunu davam etdirib.

Qeyd edək ki, MOİK “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz