“Bu qərar “Neftçi”nin texniki heyətinin qərarıdır. Texniki heyət bu qərarı verərkən öz komandasının durumuna da baxır”.
Bunu “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer teleqraf.az-a müsahibəsində deyib.
Klub rəsmisi Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”la oyunun təxirə salınmasından sonra ictimaiyyətdə yaranan müzakirələr və digər məsələlər barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
- Son günlər “Neftçi” rəhbərliyi “Qarabağ”la oyunu təxirə saldığı üçün tənqid edilir. İlk dəfə təklifi qəbul etməsəniz də, sonradan razılaşdınız. Təxirəsalmaya razılaşmağınızın səbəbi həqiqətən “Qarabağ”ın müraciəti ilə əlaqədar idi, yoxsa burada başqa məsələlər də rol oynadı?
- Başqa məsələ yoxdur. Bu, tamamilə aydın məsələdir. İlk təklif gəldiyində məşqçilərdən soruşduq, onlar oynanılması lazım olduğunu, qrafikdəki tarixdə baş tutmasını, planlarını da ona görə qurduqlarını bizə bildirdilər. Biz də bu səbəbdən oynamaq istədiyimizi dedik. Daha sonra təkrar müraciət aldıq və baş məşqçi ilə yenidən dəyərləndirdik. Bilindiyi kimi, Yuri Vernidub Çempionlar Liqası təcrübəsi olan məşqçidir. O da duruma baxdı, dəyərləndirdi; bu, ölkə futboludur, inkişafı önəmlidir, oradakı mübarizə bizim çempionatdan fərqlidir, amma ən azından bu şəkildə bizə uyğun ola biləcəyini düşünərək razılıq verdi. Biz də təxirəsalınma planını qəbul etdik.
-Yuri Vernidub 19-cu turda “Qəbələ” ilə oyundan sonra mətbuat konfransında dedi ki, "mənə bildirilsə ki, oyun təxirə salınır, oynamayacağıq. Yox, təxirə salınmasa, təbii ki, çıxıb öz oyunumuzu oynayacağıq".
- Bilirsiniz, Vernidub ukraynaca danışır, sonra tərcüməçi sizə onu çatdırır. Məsələ burasındadır ki, oynamamaqla bağlı tələb gəlir, biz də baş məşqçi ilə məsləhətləşib, daha sonra qərar qəbul edirik.
- Azarkeşlər belə düşünür ki, hər bir klub özü üçün çalışır. Yəni siz sanki humanistlik etdiniz. “Neftçi”nin əvvəlcə "yox" deyib, sonra mövqeyindən geri çəkilməsi futbol prinsiplərinin çeynənilməsi kimi çıxmırmı?
- Biz burada futbol prinsiplərindən və texniki heyətin qərarından danışırıq. Rəhbərliyin təkbaşına verdiyi qərardan danışmırıq. Çünki futbol oyunçu və məşqçilər üzərində qurulub... Məşqçi heyətimiz bunu belə uyğun hesab etdiyi üçün biz də elə qərar aldıq.
- Oyunun təxirə düşməsi “Neftçi”nin əleyhinə olmadımı?
- Bu qərar “Neftçi”nin texniki heyətinin qərarıdır. Texniki heyət bu qərarı verərkən öz komandasının durumuna da baxır. Biz çempionata geridən başladıq. Bu anda yavaş-yavaş durumumuzu düzəltməyə başlamışıq. Məşqçilər heyətinin də komandanın hazırlığının qarşıdakı zamanlarda daha yaxşı ola bilmək ehtimalını gördüyünü düşünürük. Biz öz sözümüzdən geri çəkilmədik. İlk təklif gələn tarixdə verilən qərar o gün üçün texniki heyət tərəfindən elə uyğun görüldü. Biz qış təlim-məşq toplanışında, yaz toplanışında etməli olduğumuz yükləmələri, temp artımlarını təmin etməyə başladıq. Bu komanda indi uzun müddət və daha sürətli qaça bilir, bunu da düşündülər. Uyğun olduqlarını düşündükləri üçün bu qərarla davam edildi. Altında başqa səbəb yoxdur.
- Artıq avrokubok mübarizəsində “Neftçi” də var. Belə davam edərək mövsümün sonunda uzun həsrətə son qoymaq olacaqmı?
- Biz bunu daha əvvəldən etməliydik. Çempionatın ən çox bərabərliyə qalan komandasıyıq. Çox çətin oyunlar da gördük. 3 xal qazana biləcəyimiz çox matç vardı. Biz bunları həmin dönəmdə bacara bilmədik. Bir qərar almaq məcburiyyətində idik və baş məşqçimizi dəyişdirdik, yeni məşqçilər heyəti gətirdik. Komandanın oyun quruluşu inkişaf etdi. Hələ bitmədi, çox çətin oyunlarımız var. Bir həftə ara versək də, irəlidə çətin görüşlər bizi gözləyir. “Qarabağ”la bundan sonra iki dəfə, həm də evdə qarşılaşacağıq. Bizim üçün çətin olacağı kimi, “Qarabağ” üçün də çətin keçəcək. Biz hər matça 3 xal gözü ilə baxırıq. Azarkeşlərə verdiyimiz sözümüz var: köhnə “Neftçi”ni geri qaytaracağıq.
- Bəzən hakimlər “Neftçi”nin oyunlarında fərqli qərarlar qəbul edir, hətta Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da sonradan bu qərarların yanlış olduğunu təsdiqləyir. Bu baxımdan özünüzə qarşı bir təzyiq hiss edirsiniz?
-Yox. İnsan faktorudur, xəta olması da normaldır. Hakimlər də, VAR da xəta edə bilər. Daha diqqətli olmaq üçün AFFA təyinatla bağlı dəyişikliklər etdi. Bəzi şeylərin təkmilləşdiyini görürük. Olan olub, geridə qoymaq lazımdır. Bundan sonra önümüzdə hər şeyi doğru şəkildə edəcək strukturlar lazımdır. Ən azından bununla bağlı etiraz edəcək adam varsa, o da baş məşqçimizdir. Hazırda onun tərəfindən hər hansı şikayət almamışıq.
- Son olaraq, azarkeşlərə nə deyərdiniz?
-Çox səbir göstərdilər. Azarkeşlik vəzifəsini layiqincə yerinə yetirirlər. Sağ olsunlar, hər yerdə komandanı dəstəkləyirlər. Bizim istəyimiz onlarınkı ilə eynidir, heç bir fərqimiz yoxdur. Biz də eyni zamanda “Neftçi” azarkeşiyik. Hamılıqla komandanı ən gözəl yerlərə gətirəcəyik.
