“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 20-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesablı məğlubiyyəti dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının uduzmağa layiq olmadığını bildirib.
“Bu gün məğlub olmamalı idik. Penalti qolu buraxdıq. Oyun əsasən bərabər keçdi”, – deyə o vurğulayıb.
“Sumqayıt”ın özünə bənzəməməsi və əvvəlki “Zirə” matçlarının təsiri ilə bağlı suala isə çalışdırıcı razılaşmayıb:
“Xeyr. Razı deyiləm. Hər üç oyunda bərabər səviyyəli futbol göstərdik. Amma bəzən qalib gəlirsən, bəzən uduzursan. Futbol budur”.
Yeni transfer Sedrik Badolonun vəziyyətindən danışan baş məşqçi futbolçunun uyğunlaşma mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, heyətin gücləndirilməsinə ehtiyac var, lakin transfer pəncərəsinin bağlanması planları məhdudlaşdırır:
“Badolo yeni futbolçudur. Hələ bir məşq edib. Güclənməyə ehtiyac var, amma hələlik bu heyətlə davam edirik. Üstəlik, transfer pəncərəsi bağlanıb”.
İliç emosional vəziyyəti ilə bağlı suala cavabında məğlubiyyətlərə baxmayaraq pozitiv qalmağa çalışdığını bildirib:
“Mən həmişə pozitivəm. Amma komanda uduzanda pozitiv qalmaq çətindir. Əsas odur ki, futbolçular keyfiyyətli oyun göstərsin. Uduzan komandanın baş məşqçisinin sevinməsini düzgün saymıram”.
