Rosenior və "Arsenal" arasında söyüşlü qalmaqal

6 Fevral 2026 17:57
87
Rosenior və "Arsenal" arasında söyüşlü qalmaqal

"Çelsi"nin baş məşqçisi Liam Rosenior Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan əvvəl "Arsenal"ın texniki heyəti ilə yaşanan gərginlikdən danışıb. "Emireyts" stadionunda keçirilən və "topçular"ın 1:0 (ümumi hesab 4:2) qələbəsi ilə başa çatan matçdan öncə Roseniorun rəqib məşqçilərdən birinə qarşı sərt və qeyri-etik ifadələr işlətməsi kameralara düşüb.

İdman.Biz xəbər verir ki, isinmə hərəkətləri zamanı "Arsenal"ın məşqçilərindən birinin "Çelsi"yə ayrılan hissəyə keçməsi Rosenioru özündən çıxarıb. O, rəqib həmkarına, "öz yarımhissəndə qal, lənətə gəlmiş yerdə dayan!", - deyərək qışqırıb.

Məsələyə aydınlıq gətirən Rosenior bu hərəkətini belə əsaslandırıb:

"Futbolda müəyyən etiket qaydalar var. İsinmə zamanı hər komandanın öz hissəsi olur. Mən heç vaxt məşqçilərimdən rəqib tərəfə keçməsini istəməmişəm. Onlar mənim futbolçularımın və heyətimizin hazırlığına mane olurdular. Buna görə də onlardan bəlkə də nəzakətli olmayan şəkildə öz tərəflərində qalmalarını xahiş etdim".

Baş məşqçi əlavə edib ki, Mikel Arteta və "Arsenal" klubuna böyük hörməti olsa da, həmin an rəqib tərəfindən eyni hörməti görməyib.

Qeyd edək ki, "Arsenal" bu mövsüm rəqib qapıçılara qarşı aqressiv oyun və künc zərbələri zamanı yaratdıqları sıxlıqla bağlı tez-tez "çirkli oyun" ittihamları ilə üzləşir.

İdman.Biz