Hücumameyilli yarımmüdafiəçi Xames Rodriqes karyerasını ABŞ və Kanadanın Yüksək Futbol Liqasında ( “Major League Soccer” - MLS) davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu “Minnesota Yunayted” klubu ilə razılığa gəlib.
Kolumbiyalı futbolçu MLS təmsilçisinə azad agent kimi qoşulacaq. Tərəflər arasında razılaşmanın son detalları üzərində iş aparılır.
Xames Rodriges yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent statusu almışdı. İkiqat Çempionlar Liqası qalibi futbolçu daha çox “Portu”, “Monako”, Madrid “Real”ı, “Bavariya” və “Everton”dakı çıxışı ilə tanınır.
