Ayxan Abbasov: “Havaya görə növbəti görüşlərin təxirə salınması bizdən asılı olmayacaq”

5 Fevral 2026 17:50
98
Ayxan Abbasov: “Havaya görə növbəti görüşlərin təxirə salınması bizdən asılı olmayacaq”

“Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq qaçılmazdır”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk matçından (2:1) sonra mətbuat konfransında deyib.

O, komandanın heyətinin geniş olmadığını və rotasiya imkanlarının məhdudluğunu vurğulayıb:

“Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq qaçılmazdır. Amma oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. “Qarabağ”la matçda hər şey aydın görünür. Çempionatda hədəfimiz bəllidir, amma həm yerimizi qorumaq, həm də daha üst sıralara yüksəlmək istəyirik. Kubokda da imkanlarımız daxilində irəli getməyə çalışacağıq. Rəqib nə qədər güclü olsa da, öncədən təslim olmaq fikrimiz yoxdur”.

A.Abbasov hava şəraitinin hər iki komandaya çətinlik yaratdığını söyləyib:

“60-cı dəqiqədən sonra digər cinahları nəzarətdə saxlamaq çətinləşdi. İlk hissədə komandamız tapşırıqları daha yaxşı yerinə yetirdi. Cavab oyunu ilə bağlı qeyd etmək lazımdır ki, qələbə qazansaq da, hələ də favorit “Qarabağ” komandasıdır. Hava şəraiti daha da pisləşərsə, növbəti görüşlərin təxirə salınması bizdən asılı olmayacaq. Ümid edirik ki, vəziyyət yaxşıya doğru dəyişəcək. Futbolçularımız mübarizə apardılar. “Qarabağ” kimi güclü rəqiblə iki oyunda mübarizə aparmaq çətin olsa da, bu, komandamız üçün dəyərli təcrübədir. Cütün taleyi demək olar ki, ikinci oyuna qaldı. Rəqib sıx qrafikdə çıxış edir və bəzi oyunçularının iştirakı mümkün olmadı. Futbolçularımız ilk hissədə tapşırıqları daha dəqiq yerinə yetirdilər, lakin sonradan yorğunluq özünü göstərdi. Beş gündən sonra yenidən “Qarabağ”la qarşılaşacağıq, yaxşı bərpa olunaraq həmin oyuna hazır olacağıq. Qeyd etmək lazımdır ki, “Qarabağ” Azərbaycan Kubokunun favoritidir”.

İdman.Biz