Türkiyənin "Fənərbağça" klubunun dünyaca məşhur yeni transferi N`Qolo Kante imza mərasimindəki görüntüsü ilə diqqət mərkəzinə düşüb. Fransalı ulduzun mərasimə köhnə və bir müddətdir istifadə etdiyi bəlli olan ayaqqabılarla qatılması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçinin bu təvazökar seçimi futbolsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə yazılan şərhlər arasında, "adam futboldan başqa heç nəyə fokuslanmır", "dünyanın ən böyük ulduzlarından biridir, amma hələ də eyni ayaqqabıları geyinir" və "əsl peşəkarlıq budur" kimi ifadələr ön plana çıxıb.

Karyerası boyu sadə həyat tərzi və təvazökarlığı ilə tanınan N`Qolo Kantenin bu hərəkəti onun xarakteri ilə tam uyğunluq təşkil edib.

Qeyd edək ki, Kantenin “Fənərbağça”ya qoşulduqdan sonra transfer bonusu 14,4 milyon avro (29 milyon AZN) olub. 2025/2026 mövsümünün qalan hissəsində fransız futbolçu klubdan 5,5 milyon avro (11 milyon AZN) alacaq. Növbəti iki mövsümdə yarımmüdafiəçinin maaşı 11 milyon avro (22 milyon AZN) olacaq. Buna görə də, oyunçunun Türkiyə klubunda üç natamam mövsüm ərzində qazanacağı ümumi məbləğ 41,9 milyon avro (84 milyon AZN) olacaq. Səudiyyə Ərəbistanına keçməzdən əvvəl N'Qolo Kante “Çelsi”də oynayıb.
