“Neftçi” və “Qarabağ”da oynayan sabiq futbolçu: “Futbolçu seçimi çox vacibdir” - MÜSAHİBƏ

5 Fevral 2026 10:37
110
“Neftçi” və “Qarabağ”da oynayan sabiq futbolçu: “Futbolçu seçimi çox vacibdir” - MÜSAHİBƏ

“Mən buna çox ümid edirəm. Məşqçini şəxsən tanımıram, amma futbolçu seçimi çox vacibdir. Məşqçinin psixologiyası da həmçinin”.

Bunu Azərbaycan millisinin, “Neftçi”nin və “Qarabağ”ın sabiq futbolçusu Branimir Subaşiç sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– UEFA Çempionlar Liqasında “Qarabağ”ın çıxışını izləyirsiniz?

– Əlbəttə. Bu matçları hamı izləyir. Komandanın cari mövsümdəki nəticələri möhtəşəmdir.

– Mövsümün əvvəlində püşk atılanda proqnozunuz nə idi?

– Ümumiyyətlə, yaxşı nəticələrə ümid edirdim. Yəqin ki, sizin, digər azərbaycanlıların və hamının ümidi var idi. Həqiqətən qazandıqları nəticələr böyük nailiyyətdir. Mən də komandanı təbrik edirəm.

- “Qarabağ” pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək. Bu dəfə də sensasiyaya imza ata bilər?

- ⁠Artıq müasir futbolda hər şey mümkündür. “Qarabağ” sübut etdi ki, Avropada güclü komandalarla mübarizə apara bilir.

– “Neftçi” haqqında nə deyə bilərsiniz?

– Komanda yavaş-yavaş toparlanmağa çalışır. Amma açığı, daha çoxunu gözləyirəm. “Neftçi” daha yaxşı mövqeyə layiqdir. Ümid edirəm ki, tezliklə yüksələcək.

– “Neftçi” baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında yaxşı nəticələr qazana bilər?

– Mən buna çox ümid edirəm. Məşqçini şəxsən tanımıram, amma futbolçu seçimi çox vacibdir. Məşqçinin psixologiyası da həmçinin.

– “Neftçi” – “Qarabağ” oyunu fevralın 21-də keçiriləcək. Hansı komandaya azarkeşlik edəcəksiniz?

-Hər iki kluba hörmətlə yanaşıram. Amma “Neftçi”nin qəlbimdə yeri başqadır. Bu klubda çox gözəl xatirələrim olub. Güclü olan qalib gəlsin.

- “Qarabağ” Çempionlar Liqasındakı oyuna görə Premyer Liqadakı matçın təxirə salınmasını istəmişdi. Sizin bu yöndə fikriniz necədir?

-Bu məsələ haqqında nəsə deyə bilmirəm. Ümumiyyətlə bu mövzuda danışmaq bir az çətindir

İdman.Biz