Dünya futbolunda öz oyun üslubları ilə azarkeşlərin sevgisini qazanmış üç ulduz futbolçunun - Neymar, Kriştianu Ronaldu və Georgi Hacinin doğum günüdür.
İdman.Biz xəbər verir ki, Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar da Silva Santos Juniorun bu gün 34 yaşı tamam olur. Driblinqi, sürəti və qeyri-standart qərarları ilə tanınan futbolçu dünya futbolunun ən texnikalı oyunçularından biri kimi qəbul edilir. Neymar karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal” klublarında çıxış edib, çoxsaylı titullar qazanıb.

Neymar Braziliya millisində 128 oyunda meydana çıxıb və 79 qol vuraraq yığmanın tarixində ən məhsuldar futbolçular sırasında yer alıb. Karyerasında isə 619 rəsmi matçda 371 qol vurub və yüzlərlə məhsuldar ötürmə ilə yadda qalıb. Onun əsas arzularından biri xəsarətlərdən uzaq qalaraq 2026-cı il Dünya Çempionatında Braziliya millisinin aparıcı simalarından biri olmaqdır.
Bu gün həm də Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 41 yaşını qeyd edir. “Real Madrid” klubunun tarixində ən böyük futbolçulardan biri sayılan Ronaldu Madrid təmsilçisində keçirdiyi 9 mövsüm ərzində 438 rəsmi oyunda 450 qol vurub və 131 asistlə komandanın saysız-hesabsız uğurlarında əsas rol oynayıb.

Kriştianu Ronaldu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Əl-Nəsr” klublarında, həmçinin Portuqaliya millisində ümumilikdə 1084 rəsmi oyun keçirib və 818 qol vurub. Yoldaşlıq oyunlarını da nəzərə alsaq, qolların sayı 961-dir. Bu qollardan 66-sı het-trikdən vurulub. Beşqat “Qızıl top” sahibi olan hücumçu rekordlarla zəngin karyerasını davam etdirir və həm Dünya Çempionatı titulunu qazanmağı, həm də 1000 qol həddinə çatmağı əsas hədəflərindən biri kimi saxlayır.
Bu gün həm də “Qalatasaray” azarkeşlərinin unutmadığı, klub tarixinin simvol adlarından biri olan Georgi Hacinin doğum günüdür.
Rumıniya millisinin sabiq kapitanı, dünya futbolunda “Karpat Maradonası” ləqəbi ilə tanınan Hacinin 61 yaşı tamam olur. Texnikası, uzaq məsafədən dəqiq zərbələri və oyun quruculuğu ilə Haci uzun illər Avropa futbolunun ən parlaq yarımmüdafiəçilərindən biri kimi qəbul edilib.
O, klub karyerası ərzində “Styaua”, “Real Madrid”, “Barselona” və xüsusilə Türkiyənin “Qalatasaray” klubunda çıxışı ilə yadda qalıb. Rumıniyalı futbolçu 1996–2001-ci illərdə “Qalatasaray”ın heyətində 132 rəsmi oyunda 59 qol vurub və klubun tarixində qızıl hərflərlə yazılan uğurların əsas memarlarından biri olub.

Hacinin “Qalatasaray”dakı dövrü klub tarixinin ən parlaq mərhələlərindən sayılır. O, İstanbul təmsilçisi ilə dörd dəfə Türkiyə çempionu olub, iki dəfə Türkiyə kubokunu qazanıb, 2000-ci ildə isə UEFA Kuboku və UEFA Superkuboku başı üzərinə qaldırıb. Xüsusilə “Arsenal”a qarşı UEFA Kubokunun finalında və “Real Madrid”lə UEFA Superkuboku matçında göstərdiyi liderlik hələ də azarkeşlərin yaddaşındadır.
Rumıniya millisində 125 oyunda 35 qol vuran Georgi Haci ölkə futbolunun tarixində ən böyük simalardan biri hesab olunur. O, futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi də fəaliyyət göstərib və Rumıniyada futbol akademiyasının inkişafında mühüm rol oynayıb.
