“Karyeramın ən gözəl xatirələri “Neftçi”də oynadığım dövrlə bağlıdır. Komandamız möhtəşəm idi, meydanda hamı bir-birini çox yaxşı anlayırdı”.
Bunu “Neftçi”nin braziliyalı sabiq müdafiəçisi Bruno Bertuççi futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Hazırda harada yaşayırsınız və nə işlə məşğulsunuz? Futbol sahəsində fəaliyyət göstərirsizmi?
– Braziliyanın San-Paulu ştatında yerləşən Santo Andre şəhərində yaşayıram. Futbol məktəblərini idarə etməklə yanaşı, həm də məşqçi kimi çalışıram.
– Keçmiş klubunuz “Neftçi”ni izləyirsiniz? Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
– Artıq bir müddətdir ki, “Neftçi”ni yaxından izləmirəm. Bəzən təkcə nəticələrə və çempionun kim olduğuna baxıram.
– Son illərdə “Neftçi” rəhbərliyi tez-tez baş məşqçi dəyişib. Təxminən iki aydır ki, “ağ-qaralar”a yeni çalışdırıcı Yuri Vernidub rəhbərlik edir. Sizcə, ukraynalı mütəxəssis “Neftçi”yə əvvəlki əzəmətini qaytara biləcək?
– Məşqçilərin tez-tez dəyişməsi komandanın kimliyinin və oyun üslubunun formalaşmasına mane olur. Hazırkı məşqçini isə tanımıram. Ona görə də bu barədə fikir bildirə bilmərəm.
– Sizin oynadığınız dövrdə “Neftçi” çox güclü idi. Lakin son 10 ildə keçmiş komandanız cəmi bir dəfə çempion ola bilib. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?
– Bizim həqiqətən də güclü, çempion komandamız var idi. Heyətdə qalib ruhuna sahib, istedadlı futbolçular toplaşmışdı. Tarix yazmağımızın səbəbi də bu idi. Hazırda isə futbolu izləmədiyim üçün “Neftçi”nin niyə artıq aparıcı rol oynamadığını və titul qazanmadığını şərh edə bilmərəm.
– “Neftçi”dəki illərinizi futbolçu karyeranızın ən uğurlu dönəmi hesab edirsinizmi? Həmin komandadan bu gün də əlaqə saxladığınız şəxslər varmı?
– Karyeramın ən gözəl xatirələri “Neftçi”də oynadığım dövrlə bağlıdır. Komandamız möhtəşəm idi, meydanda hamı bir-birini çox yaxşı anlayırdı. Bir-birimiz üçün qaçır, sonadək mübarizə aparırdıq. Həqiqətən də rəqiblərimiz üçün çox təhlükəli idik. Biz tarix yazdıq və bütün zamanların ən yaxşı komandalarından biri olduq. Həmin heyətdən daha çox Kaue və Flavinyo ilə əlaqə saxlayıram. Bəzən isə Denis Silva, Rodriqinyo, Erik Ramos və Nikolas Kanaleslə də danışırıq.
– Son illərdə Azərbaycan futbolunda “Qarabağ” hegemonluq edir. Bu komandanın çıxışını necə qiymətləndirirsiniz?
– “Qarabağ” inanılmaz işlər görür. Bunun sübutu təkcə yerli çempionat deyil, həm də Avropa turnirlərində qitənin böyük klubları ilə bərabər səviyyədə mübarizə aparmalarıdır. Şübhəsiz ki, təşkilatlanma, infrastruktur, maliyyə və texniki idarəetmə birlikdə futbolçulara bu nailiyyətləri əldə etmək üçün mükəmməl şərait yaradır. Bu amillər bir arada olmasaydı, uğur mümkün olmazdı.
– Gələcəkdə sizi məşqçi kimi Azərbaycan çempionatında görə bilərik?
– Bu barədə heç nə deyə bilmərəm. Amma bir turist və “Neftçi” azarkeşi kimi Azərbaycana qayıtmaqdan, qızımı da özümlə gətirməkdən məmnun olaram.
