İspaniya Kral Kubokunda “Real Sosyedad” ilə “Alaves” arasında keçirilən və meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma qeyri-adi penalti qərarı ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı “Real Sosyedad”ın müdafiəçisi Duye Kaleta-Kar cərimə meydançası daxilində “Alaves”in hücumçusu Toni Martinesin formasını çəkib. Müdaxilə zamanı futbolçunun forması başına keçib, bu isə onun görmə bucağının tam bağlanmasına və topa nəzarəti itirməsinə səbəb olub. Baş hakim Alexandro Kintero əvvəlcə oyunu davam etdirsə də, VAR baxışından sonra epizod penalti kimi qiymətləndirilib.
Keçmiş FIFA referisi Eduardo İturralde Qonsales bu qərarı “son 100 ilin ən qəribə penaltisi” kimi xarakterizə edib. Onun sözlərinə görə, qərar qaydalara uyğun olsa da, futbolda son dərəcə nadir hallarda rast gəlinən bir vəziyyət yaşanıb.
67-ci dəqiqədə penalti zərbəsini Toni Martines yerinə yetirib. Lakin “Real Sosyedad”ın qapıçısı Aleks Remiro düzgün küncü təxmin edərək zərbəni dəf edib və komandasını qoldan xilas edib.
Oyundan sonra açıqlama verən Remiro bildirib ki, epizodu meydanda tam görməyib və VAR görüntülərinə baxanda özü də təəccüblənib. Qolkiper vurğulayıb ki, penalti qolla nəticələnsəydi, oyunun taleyi tamamilə dəyişə bilərdi. O, həmçinin Toni Martinesin əvvəlki penalti vərdişlərini bildiyini və məhz buna görə düzgün qərar verdiyini qeyd edib.
Aleks Remiro açıqlamasında İspaniya millisində oynamaq hədəfinə də toxunub və 2026-cı il Dünya Çempionatında iştirak etmək istədiyini bildirib.
