50 min azarkeş və acı sonluq - VİDEO

5 Fevral 2026 10:25
108
50 min azarkeş və acı sonluq - VİDEO

Almaniyanın “Köln” klubunun U-19 komandası UEFA Gənclər Liqasında tarixi hadisə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Almaniya çempionu olan gənclərin “İnter”ə qarşı oyunu tribunaları tam doldurub və qarşılaşmanı 50 min azarkeş izləyib. Bu, turnirin tarixində indiyədək qeydə alınan ən yüksək tamaşaçı göstəricisidir.

1/16 final mərhələsində keçirilən görüşdə “Köln” gəncləri favorit sayılan “İnter”ə qarşı uzun müddət layiqli müqavimət göstəriblər. İlk hissə qolsuz başa çatıb. 50-ci dəqiqədə Leonardo Bovio İtaliya təmsilçisini önə çıxarsa da, Bundesliqada da forma geyinmiş Fynn Şenten 80-ci dəqiqədə hesabı bərabərləşdirib.

Lakin oyunun ən dramatik anları əlavə dəqiqələrdə yaşanıb. Dilan Zarate 90+7-ci, Robert Kukulis isə 90+9-cu dəqiqədə fərqlənərək “İnter”ə 3:1 hesablı qələbə qazandırıb. Bu nəticə “Köln”ün turnirlə erkən vidalaşmasına səbəb olub.

Qeyd edək ki, “İnter” əvvəlki tamaşaçı rekordunun da iştirakçısı olub. 2025-ci ilin aprelində “Trabzonspor”un gənclər komandası ilə oyunu 40 368 azarkeş izləmişdi. Köln isə bu göstəricini xeyli üstələyərək UEFA Gənclər Liqası tarixində yeni rekord müəyyənləşdirib.

İdman.Biz