“Nənəmə qarşı çıxmağa heç kim risk etmədi” - Qədir Ramazanovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + VİDEO

5 Fevral 2026 11:19
212
“Nənəmə qarşı çıxmağa heç kim risk etmədi” - Qədir Ramazanovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + VİDEO

Qadir Ramazanov Qəbələ futbolunun ümidlərindən birinə çevrilmiş, əslən sumqayıtdan olan gəncdir. U19 millisinin əsas heyət üzvü olan futbolçu hələlik “Qəbələ”nin əsas komandasında möhkəmlənə bilməsə də, gələcəyini məhz bu klubla bağlayır.

Qədir Ramazanov bu və digər mövzular barədə İdman.Biz-ə müsahibə verib.

- Qədir, futbola necə gəldiniz?

- Təxminən üçüncü sinifdə oxuyanda, məhəllədə oynayırdım. İlk məşqçim İsmayıl müəllim olub – məndə futbolçu potensialını o görmüşdü. Daha sonra “Qəbələ” akademiyasına baxışa çağırıldım və uğurla keçdim. U13 komandasında çıxış etməyə başladım…

- Qəbələyə köçməyinizə valideynləriniz necə yanaşdı? Yəqin ki, etiraz edirdilər?

- Əlbəttə, etiraz edirdilər (gülür). Onlar istəyirdilər ki, təhsil birinci yerdə olsun, burada isə futbol naminə köçmək lazım idi. Amma nənəm - atamın anası - işə qarışdı. O, ilk gündən idmanla məşğul olmağımı dəstəkləyirdi və nənəyə qarşı çıxmağa heç kim risk etmədi (gülür). O vaxtdan futbol mənim üçün birinci yerdədir.

- Niyə yarımmüdafiədə oynayırsınız? Bu sizin seçiminizdir, yoxsa məşqçilərin?

- İlk gündən bu qərarı məşqçilər verdilər. Bütün uşaqlar kimi mən də hücumda oynamaq istəyirdim, amma tezliklə başa düşdüm ki, onlar haqlıdırlar. Hələ də bu mövqedə çıxış edirəm.

- Bu il 20 yaşınız tamam olur və bu, U19 səviyyəsində son mövsümünüzdür. Millidə əsas heyətdəsiniz, amma klubda bütün çempionat ərzində cəmi bir dəfə – “Qarabağ”la oyunun sonunda meydana çıxmısınız. Səbəb nədir?

- Bilmirəm, mən heç vaxt buna köklənmirəm. Sadəcə məşq edirəm və öz vaxtımı gözləyirəm. Açığı, milliyə çağırışlardan sonra klubun əsas heyətində daha tez-tez oynayacağımı gözləyirdim. Amma hələlik yalnız gənclər komandasında çıxış edirəm. Düşünürəm ki, məşqçi gəncləri qoruyur, onları dərhal “odun-alovun” içinə atmaq istəmir. Mən mütəmadi olaraq dublda oynayıram və istənilən an əsas heyətə çıxmağa hazıram. Razıyam ki, 20 yaşında artıq daimi oynamalısan, amma məşqçi daha yaxşı bilir. Kaxaber Tsxadadze bir dəfə mənə şans verdi, düşünürəm ki, yenə verəcək.

- Beş ildən sonra özünüzü harada görürsünüz?

- Niyə mənim üçün doğma olan “Qəbələ”də qalmayım? Futbolçu komandaya həm çətin, həm də yaxşı günlərində sadiq olmalıdır. Əgər klubun mənə ehtiyacı olduğunu hiss etsəm, qarşıya hansı hədəflər qoyulmasından asılı olmayaraq burada qalacağam.

- Deyirsiniz ki, əsas heyətlə bağlı vəziyyət sizi incitmir. Amma yenə də problemlərinizi kiminləsə bölüşürsünüzmü? Valideynlərinizlə, dostlarla?

- Evdəkiləri üzmək istəmirəm, ona görə də bu mövzuda onlarla ümumiyyətlə danışmıram. Nənəmlə isə heç vaxt. O, millidəki oyunlarımı görür və çox sevinir, çətinlikləri niyə bilsin ki? Əsasən komanda yoldaşlarımla, daha yaşlı futbolçularla məsləhətləşirəm - onlar məni dəstəkləyirlər.

- Milli komanda barədə danışaq. Hamı əsas yığmanın məğlubiyyətlərinə öyrəşib. Bəs gənclər niyə uduzur? Axı siz həmyaşıdlarınızla oynayırsınız. Niyə rəqiblər daha güclüdür?

- Niyə hamısı? Məsələn, Moldova ilə heç-heçə etdik. Bəli, Niderlanda, Uelsə, İslandiyaya uduzduq, amma bu yaşda onların futbolçuları artıq Avropanın top klublarında çıxış edirlər. Bizimkilər isə yalnız yerli komandalarında…

- Amma Uels və İslandiya gənc əhali sayına görə bizdən üstün deyil. Bəs niyə onlar bir neçə səviyyə irəlidədirlər?

- Yəqin ona görə ki, onlar 15-16 yaşlarından xarici çempionatlarda oynayırlar. Bizdə isə, gördüyünüz kimi, valideynlər övladlarını Sumqayıtdan Qəbələyə belə güclə buraxırlar (gülür). Bundan başqa, azərbaycanlı futbolçuları xarici klublara təklif edə biləcək skautlar çatışmır, uşaq futboluna da lazımi diqqət yetirilmir. Biz öz qapalı mühitimizdə qalırıq, halbuki avropalı həmyaşıdlarımızın taleyini valideynlər yox, peşəkarlar müəyyənləşdirir. Elə buna görə də futbolumuz yeniyetmələr səviyyəsində hətta orta Avropa yığmaları ilə belə tez-tez rəqabət apara bilmir.

İdman.Biz