Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.
İdman.Biz xəbər verir ki, “köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli qafqazinfo.az-a açıqlamasında bunu təsdiq edib:
“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsdəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
