Misli Premyer Liqasının 18-ci turunda “Qarabağ”ın “Turan Tovuz” üzərində 1:0 hesablı qələbəsindən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis qələbəni vacib adlandırıb və futbolçularının xarakter göstərdiyini bildirib. O, “Turan Tovuz”un güclü və təşkilatlanmış komanda olduğunu, bu cür matçlarda ritm tapmağın çətinləşdiyini qeyd edib. Qurbanovun sözlərinə görə, oyunun gedişində hər pauza və standart vəziyyət rəqib üçün üstünlük yaradırdı, matçın sonlarında isə “Turan Tovuz” cərimə zərbələrindən təhlükəli epizodlar yaradıb.
Baş məşqçi bu oyunda əsas heyətlə çıxış etməsinin səbəbinə də toxunub. Onun sözlərinə görə, komanda uzaq səfərdən qayıtsa da, futbolçulardan hazır olmalarını istəyib və mövcud vəziyyətdə bunun vacib olduğunu düşünüb. Qurbanov zədələrdən narahatlığını da gizlətməyib.
Bundan əlavə, o, futbolçu olduğu dövrdə 21 il əvvəl oynadığı “Nyukasl” stadionu ilə bağlı xatirələrini bölüşüb və İngiltərə futbolunun səviyyəsindən danışıb. Qurbanov bildirib ki, İngiltərə Premyer Liqası digər çempionatları qabaqlayır və orada matçların son dəqiqələri azarkeşlər üçün xüsusi dramatik məqamlarla yadda qalır.
