“Qarabağ”ın legioneri: “Göstərdiyimiz mübarizə sübut etdi ki, heç bir rəqibdən çəkinmirik”

29 Yanvar 2026 16:01
96
“Qarabağ”ın legioneri: “Göstərdiyimiz mübarizə sübut etdi ki, heç bir rəqibdən çəkinmirik”

“Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyimiz üçün çox xoşbəxtik. İşimiz çətindir. Çünki bu mərhələdə asan rəqib yoxdur. Yaxşı nəticə üçün çox çalışmaq lazım olacaq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Emmanuel Addai deyib.

24 yaşlı qanalı yarımmüdafiəçi komandanın növbəti mərhələdəki potensial rəqiblərinin Avropanın ən güclü klublarından hesab olunduğunu söyləyib.

“PSJ-nin heyətində ulduz futbolçular var. “Nyukasl” isə çox aqressiv və sürətli oyun tərzi ilə seçilir. Amma biz “Qarabağ”ıq. Mövsüm ərzində göstərdiyimiz mübarizə sübut etdi ki, heç bir rəqibdən çəkinmirik. Meydana çıxıb öz oyunumuzu oynayacağıq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qeyd edək ki, əsas mərhələnin sonuncu turunda İngiltərədə “Liverpul”a 0:6 hesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

İdman.Biz