İngiltərə Premyer Liqasının 23-cü turunda “Arsenal”ı səfərdə 3:2 hesabı ilə məğlub edən “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik oyundan sonra komandasının çıxışını dəyərləndirib.
İdman.Biz “SkySport”a istinadla xəbər verir ki, mütəxəssis qarşılaşmanın gedişatının əvvəlcədən çətin olacağını bildiklərini və əsas məqsədin oyunun axarını öz xeyirlərinə dəyişmək olduğunu vurğulayıb.
Kerrikin sözlərinə görə, komanda matçın gedişində topa nəzarəti artırıb, meydandakı əlaqələri yaxşılaşdırıb və bu da futbolçulara əlavə inam verib.
Baş məşqçi bəzi məqamlarda “Arsenal”ın təzyiqi altında qalmalı olduqlarını etiraf edib. O, komandanın müdafiədə səbirli və intizamlı davrandığını, eyni zamanda hücumlarda özünəinamı itirmədiyini bildirib. Kerrik sonadək qol vuracaqlarına inandığını xüsusi qeyd edib.
“Mançester Yunayted”in çalışdırıcısı səfər oyunlarında oyun fazalarını düzgün oxumağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, komanda müəyyən anlarda topa yaxşı nəzarət edib, irəli xəttdə məqsədyönlü oynayıb və bunun qarşılığını nəticə ilə alıb. Kerrik azarkeşlərin dəstəyini isə xüsusi olaraq qeyd edib.
Mütəxəssis komandaya rəhbərlik etməyə başlamasından cəmi 10 gün keçdiyini xatırladıb və bu müddətdə hər şeyin ideal olmasının mümkün olmadığını bildirib. O, “Mançester Yunayted”in hələ yolun əvvəlində olduğunu, lakin “Arsenal” üzərində qələbənin doğru istiqamətdə atılmış vacib addım sayıldığını vurğulayıb.
Kerrik həmçinin futbolçuların və məşqçi heyətinin prosesə tam şəkildə inanmasını müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, ehtiyatdan meydana daxil olan oyunçuların da komandadakı birlik ruhunu nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Baş məşqçi bu qələbəni azarkeşlərlə birlikdə qeyd etməyin həm özü, həm də ailəsi üçün emosional və unudulmaz an olduğunu da əlavə edib.
