Misli Premyer Liqasının 17-ci turu “Kəpəz” üçün Azərbaycan futbol tarixinə düşən nəticələrlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi səfərdə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək çempionat oyunlarında 37 matçlıq qələbəsizlik seriyasına son qoyub. “Kəpəz” sonuncu dəfə Ağdam klubunu 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, qərb təmsilçisi rəqibi üzərində 8694 gündən sonra qələbə qazanıb.
Bu 37 qarşılaşma Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı ən uzun qələbəsizlik seriyası kimi tarixə düşüb. Həmin oyunların 30-da “Qarabağ” qalib gəlib, 7 görüş isə heç-heçə ilə yekunlaşıb. “Kəpəz”in “Qarabağ” üzərində son səfər qələbəsi isə bundan da əvvəl - 1999-cu il aprelin 10-da qeydə alınmışdı (2:0). Sonrakı 24 səfər matçında gəncəlilər 4 heç-heçə edib, 20 dəfə məğlub olub.
Bu qələbə “Kəpəz” üçün daha bir tarixi göstərici ilə əlamətdar olub. Klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini məhz “Qarabağ”la oyunda əldə edib. Yubiley qələbə rəqib meydanlarındakı 346-cı qarşılaşmada qeydə alınıb.
“Kəpəz” bu göstərici üzrə Azərbaycan çempionatları tarixində dördüncü pillədə qərarlaşıb. Səfərdə daha çox qələbə qazanan klublar yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı”dır (123).
Qeyd edək ki, Gəncə təmsilçisi yüksək dəstədə ilk səfər qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə qarşılaşmada qazanıb - 3:0.
Beləliklə, 17-ci tur “Kəpəz” üçün həm tarixi seriyanın qırılması, həm də yubiley səfər qələbəsi ilə əlamətdar olub.
