“Karvan-Yevlax”ın ingiltərəli yarımmüdafiəçisi: “ Hər oyuna yaxşı hazırlaşırıq” - MÜSAHİBƏ

3 Aprel 2026 16:34
156
“Karvan-Yevlax”ın ingiltərəli yarımmüdafiəçisi: “ Hər oyuna yaxşı hazırlaşırıq” - MÜSAHİBƏ

“Futbolda hər şey mümkündür. Biz komanda şəklində buna inanırıq”.

Bunu “Karvan-Yevlax”ın ingiltərəli yarımmüdafiəçisi Kayl Spens futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Milli fasilədən necə yararlandınız? Bu fasilə mövsümün son mərhələsinə daha yaxşı hazırlaşmağınıza kömək etdimi?

– Fasilədən faydalanmağa çalışdıq. Məşqlərimiz yaxşı keçir. Biz çox çalışırıq və baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetiririk. İnanıram ki, bunun bəhrəsini görəcəyik.

– 26-cı turda səfərdə “Qarabağ”la üz-üzə gələcəksiniz. Güclü rəqibə qarşı çətin oyundan hansı nəticəni gözləyirsiniz? Sensasiya etməyə gücünüz çatarmı?

– “Qarabağ” Azərbaycanın ən məşhur klublarından biridir. Cari mövsümdə onlarla 4-cü oyunumuzu keçirəcəyik. Niyə də Yevlaxa yaxşı nəticə ilə qayıtmayaq?! Komandama, heyətin hər bir üzvünə inanıram. Uğurlu nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik.

– Son 4 turda 2 heç-heçə edib 2 matçı minimal hesabla uduzmusunuz. Uğurlu nəticələr üçün nəyin çatışmadığını düşünürsünüz?

– Hər oyuna yaxşı hazırlaşırıq. Müsbət məqam odur ki, “Zirə” ilə görüşü çıxmaq şərtilə, son matçlarda qol vurmuşuq. Düşünürəm ki, qarşıdakı görüşlərdə yaxşı nəticələr əldə edəcək və azarkeşlərimizi sevindirəcəyik.

– Mövsümün sonuna cəmi 8 tur qalıb və turnir cədvəlində sonuncu yerdə olan “Karvan-Yevlax” 11-ci pillədən 8 xal geri qalır. Bu fərqi aradan qaldırmaq mümkündürmü?

– Futbolda hər şey mümkündür. Biz komanda şəklində buna inanırıq. Azarkeşlərimiz də bizə inanırlar. Çempionatın növbəti turlarında əsas rəqiblərimizlə qarşılaşacağıq. Sonadək mübarizə aparacağıq.

– Sizcə, qalan 8 matçın neçəsində qələbə qazanmaq şansınız realdır?

– Əsas rəqiblərimizlə oyunlar bizim üçün çox vacibdir. Mən və komanda yoldaşlarım “Karvan-Yevlax”ı elitada saxlayacağımıza inanırıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Mövsümün sonu yaxınlaşdıqca futbolçulara təkliflər gəlməyə başlayır. Azərbaycandan və ya digər ölkələrdən sizinlə maraqlanan klublar varmı?

– Hazırda bütün diqqətimi “Karvan-Yevlax”ın oyunlarına yönəltmişəm. Dediyim kimi, məqsədimiz elitada qalmaqdır. Təkliflər barədə danışmaq üçün hələ tezdir. Necə olacağını zaman göstərəcək.

İdman.Biz