İspaniya La Liqası: Arbeloa çempionat oyununda debüt edəcək, “Barselona” San-Sebastyana səfər edir – İCMAL İDMAN.BİZ

Təhlil
17 Yanvar 2026 15:36
54
İspaniya La Liqası: Arbeloa çempionat oyununda debüt edəcək, “Barselona” San-Sebastyana səfər edir – İCMAL İDMAN.BİZ

Futbol üzrə İspaniya çempionatında bu günlərdə 20-ci turun oyunları keçiriləcək.

İdman.Biz-in məlumatına görə, La Liqanın ikinci dövrəsi turnir cədvəlinin yuxarı pillələrində gərgin mübarizə fonunda başlayır: liderliyi 49 xalla “Barselona” qoruyur, onun ardınca 45 xalla “Real Madrid” gəlir, “Vilyarreal” isə 41 xalla çempionluğa birbaşa iddialılar sırasında qalır.

“Real Madrid” – “Levante” (17 yanvar)

Turun əsas oyunlarından biri “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Real Madrid” aşağı liqaya düşmə zonasındakı “Levante”ni qəbul edəcək.

“Real” bu tura psixoloji baxımdan mürəkkəb vəziyyətdə yaxınlaşır. Komanda ağır bir həftə keçirib: əvvəlcə İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub, daha sonra isə Sequndadan olan “Albasete”yə eyni hesabla (2:3) məğlub olaraq ölkə kubokunda mübarizəni dayandırıb. Bu iki oyun arasında “kral klubu”nda baş məşqçi dəyişikliyi baş verib – Xabi Alonsonun yerinə komandanın sükanı arxasına Alvaro Arbeloa gətirilib. Bu baxımdan “Levante” ilə oyun yeni baş məşqçi üçün çempionatda vacib sınaq olacaq. Arbeloa azarkeşləri komandaya dəstək olmağa çağıraraq, birlik amilinin vacibliyini xüsusi vurğulayıb.

Kadr məsələsində madridlilər üçün müsbət məqamlar da var. Komandanın ən məhsuldar futbolçusu Kilian Mbappe (mövsümdə 18 qol) dizindəki gərginlikdən sonra sağalıb və heyətə qayıdıb. Bununla belə, onun meydana çıxıb-çıxmayacağı hələ də sual altındadır. Rodriqo isə əvvəlki kimi zədə səbəbindən oynaya bilməyəcək. Arbeloa oyundan öncə keçirilən mətbuat konfransında komanda üçün evdə oynamağın və azarkeşlər önündə güclü çıxış etməyin vacib olduğunu qeyd edib.

“Levante” Madrida xallar qazanmaq zərurəti ilə yollanır. Komanda 14 xalla 19-cu pillədə qərarlaşıb və artıq indidən elitada qalmaq uğrunda mübarizə aparmağa məcburdur. Bununla yanaşı, “Levante”nin bu oyuna ardıcıl üç matçlıq məğlubiyyətsiz seriya ilə çıxması qarşılaşmaya əlavə intriqa qatır.

“Real Sosyedad” – “Barselona” (18 yanvar)

Turun ikinci mərkəzi qarşılaşması San-Sebastyanda keçiriləcək. Burada “Real Sosyedad” çempionatın lideri “Barselona”nı qəbul edəcək.

Kataloniyalılar ikinci dövrəyə ciddi xal üstünlüyü və təsiredici qələbələr seriyası ilə daxil olurlar. Komanda çempionluq qrafiki üzrə irəliləməkdə davam edir və favorit statusunu mütəmadi olaraq təsdiqləyir.

“Real Sosyedad” isə bu oyuna turnir cədvəlinin 12-ci pilləsində (21 xal) çıxacaq. Basklar üçün mövsüm artıq kifayət qədər dalğalı keçib. Dekabr ayında klub Serxio Fransisko ilə yollarını ayırıb və baş məşqçi postuna Pelleqrino Mataratstso təyin olunub. Yeni çalışdırıcının qarşısında duran əsas vəzifə nəticələri sabitləşdirmək və komandaya sistemlilik qaytarmaqdır.

Məşqçi dəyişikliyindən sonra “Sosyedad”ın oyununda müəyyən irəliləyiş əlamətləri görünməyə başlayıb. Yanvarın əvvəlində komanda səfərdə “Xetafe” üzərində vacib qələbə qazanaraq, güclü rəqiblərlə oyunlar ərəfəsində özünəinamın bərpası istiqamətində addım atıb.

La Liqanın 20-ci turunun digər oyunları:

16 yanvar

“Espanyol” – “Jirona” 0:2

17 yanvar

“Malyorka” – “Atletik” Bilbao

“Osasuna” – “Real Oviedo”

“Betis” – “Vilyarreal”

18 yanvar

“Xetafe” – “Valensiya”

“Atletiko” – “Alaves”

“Selta” – “Rayo Valyekano”

19 yanvar

“Elçe” – “Sevilya”

La Liqanın hazırkı turnir cədvəli:

“Barselona” – 49

“Real Madrid” – 45

“Vilyarreal” – 41

“Atletiko” – 38

“Espanyol” – 34

“Betis” – 29

“Selta” – 29

“Atletik” Bilbao – 24

“Jirona” – 24

“Elçe” – 23

“Rayo Valyekano” – 22

“Real Sosyedad” – 21

“Xetafe” – 21

“Sevilya” – 20

“Osasuna” – 19

“Alaves” – 19

“Malyorka” – 18

“Valensiya” – 17

“Levante” – 14

“Real Oviedo” – 13

İdman.Biz
Məqalədə: