Türkiyənin “Fənərbağça” klubunun hücum xəttini gücləndirmək üçün heyətinə qatmaq istədiyi Kristofer Nkunku ilə bağlı “Milan”ın irəli sürdüyü şərt transfer prosesini çətinləşdirir.
İdman.Biz “Sabah” nəşrinə istinadla xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko futbolçu ilə birbaşa əlaqə saxlayaraq onu transferə razı salıb. Lakin “Milan”ın satınalma hüququ ilə icarə təklifinə isti baxmaması danışıqlarda əsas maneəyə çevrilib.
Mənbənin yazdığına görə, “Milan” Nkunku üçün 35 milyon avro (70 milyon AZN) tələb edir və bu məbləğin hissə-hissə deyil, tam şəkildə ödənilməsində israr edir. Klub heç bir mərhələli varianta razılıq vermir.
Qeyd olunur ki, “Milan” fransalı hücumçunu ötən yay “Çelsi”dən 37 milyon avroya (74 milyon AZN) transfer edib. Nkunku bu mövsüm 15 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bu şərtlər fonunda “Fənərbağça” rəhbərliyinin transferlə bağlı qərarı yenidən nəzərdən keçirdiyi və alternativ variantlara da baxmağa başladığı bildirilir.
