“Mançester Yunayted” İngiltərə Premyer Liqasının növbəti turunda “Liverpul”la keçirəcəyi səfər oyunu ərəfəsində iki futbolçusuna qovuşa bilər.
İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, zədə səbəbindən uzun müddətdir meydanlardan uzaq qalan Markus Reşford və Luk Şounun noyabrın 22-də keçiriləcək qarşılaşmada iştirak etmək ehtimalı var.
Şou oktyabrın 10-da “Tottenhem”lə görüşdə əzələsindən zədə alıb. Müdafiəçi həmin vaxtdan bəri bütün turnirlərdə yeddi oyunu buraxıb.
Reşford isə əvvəlcə bud nahiyəsində yaranan, sonradan qasıq nahiyəsinə yayılan problemlə üzləşib. 29 yaşlı hücumçu Dublində mütəxəssis müayinəsindən keçdikdən sonra yeni müalicə proqramına başlayıb.
Hər iki futbolçunun bərpa prosesində irəliləyiş olsa da, onların “Liverpul”la qarşılaşmada meydana çıxacağına hələlik zəmanət yoxdur.
Qeyd edək ki, Premyer Liqanın növbəti turunda “Liverpul” - “Mançester Yunayted” matçı noyabrın 22-də “Enfild” stadionunda keçiriləcək.
