Mark Bernal Flikin 2026 planında əsas fiqura çevrilir

Xəbərlər
1 Yanvar 2026 14:45
42
Mark Bernal Flikin 2026 planında əsas fiqura çevrilir

İspaniyanın “Barselona” komandasının gənc yarımmüdafiəçisi Mark Bernalın 2026-cı ildə baş məşqçi Hansi Flikin əsas rotasiya fiqurlarından birinə çevriləcəyi gözlənilir.

İdman.Biz “Sport” nəşrinə istinadla xəbər verir ki, La Masia yetirməsi olan Bernal 2024-cü ilin avqustunda aldığı ağır zədədən əvvəl artıq start heyətinə daxil olmuşdu və indi sıx oyun qrafiki fonunda onun dəqiqələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Hansi Flik və məşqçilər heyəti ilk gündən ehtiyatlı yol xəritəsinə sadiq qalaraq, futbolçunun həm fiziki, həm də psixoloji baxımdan tam bərpa olunması üçün ona aşağı riskli oyun vaxtı veriblər.

Mövsümün əvvəlində yüksək intensivlik səbəbindən Bernal noyabrın sonunadək cəmi 62 dəqiqə meydanda ola bilmişdi. Lakin noyabrın 29-da “Alaves”lə matçda start heyətində yer alması və 45 dəqiqə ərzində göstərdiyi oyun dönüş nöqtəsi kimi qiymətləndirilir.

Sonrakı matçlarda “Real Betis”ə qarşı 28 dəqiqə, Kral Kubokunda “Quadalaxara” ilə oyunda 46 dəqiqə və “Vilyarreal”la görüşdə 25 dəqiqə meydanda olması 2026-cı ilə müsbət dinamika ilə daxil olmasına şərait yaradıb.

Superkubok, Kral Kuboku, La Liqa və Çempionlar Liqasında iki oyun daxil olmaqla sıx təqvim fonunda Mark Bernalın xüsusilə dayaq yarımmüdafiəçisi mövqeyində daha tez-tez istifadə olunacağı gözlənilir.

İdman.Biz