İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Oskar Bobbun adı yanvar transfer pəncərəsi ərəfəsində bir neçə klubun gündəminə düşüb.
İdman.Biz xəbər verir ki, İngiltərənin “Fulhem” və “Kristal Palas” klubları, eləcə də İspaniyanın “Sevilya” komandası 20 yaşlı futbolçunun mümkün transferi ilə maraqlanır.
Mənbələrin məlumatına görə, Bobb mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək istəyən klubların diqqət mərkəzindədir.
Qeyd olunur ki, “Mançester Siti” yalnız bir şərtlə futbolçunun gedişinə razı ola bilər. Belə ki, əgər “şəhərlilər” “Bornmut”un vingeri Antuan Semenyonu heyətinə qata bilsə, o zaman Oskar Bobbun klubdan ayrılmasına icazə veriləcək.
Hazırda tərəflər arasında rəsmi danışıqların başlanıb-başlanmadığı bəlli deyil. Yanvar transfer pəncərəsi yaxınlaşdıqca vəziyyətin daha da aydınlaşacağı gözlənilir.
