Ardıcıl ikinci ildir ki, PSJ “Qızıl top” mərasimində dünyanın ən yaxşı kişi futbol klubu seçilir. Oktyabrın 26-da Londonda keçirilən mərasimdə Paris təmsilçisi yenidən bu mükafata layiq görüldü. Halbuki çox da uzaq olmayan keçmişdə klubun Avropada belə nüfuz qazanacağına inananlar az idi.
İdman.Biz xəbər verir ki, 2011-ci ildə Qətər sərmayəsinin PSJ-yə gəlişi ilə Parisdə böyük futbol layihəsinin əsası qoyuldu. Pul əsirgənmirdi. Transferlərə yüz milyonlarla avro xərclənir, dünyanın ən məşhur futbolçuları bir-birinin ardınca komandaya gətirilirdi. Zlatan İbrahimoviç, Edinson Kavani, Neymar, Kilian Mbappe, Lionel Messi... Bu adların hər biri ayrıca bir komandanı gücləndirməyə qadir idi. PSJ isə onların hamısını eyni layihədə birləşdirməyə çalışırdı.
Ancaq nəticə gözlənilən kimi olmadı. Fransa çempionatında qazanılan titullar artıq heç kimi təəccübləndirmirdi. Əsas hədəf Çempionlar Liqası idi. Parislilər isə hər dəfə Avropanın ən nüfuzlu klub turnirində ya gözlənilməz məğlubiyyətlə üzləşir, ya da həlledici mərhələdə dayanırdılar. 2020-ci ildə finala qədər irəliləsələr də, “Bavariya” səddini keçə bilmədilər.
Bir müddət sonra isə Parisdə illərlə qurulan sistem dağılmağa başladı. Əvvəlcə Messi getdi. Ardınca Neymar, bir il sonra Mbappe. Bir vaxtlar dünyanın ən güclü hücum xətlərindən birinə sahib olmaqla öyünən PSJ birdən-birə ən məşhur ulduzlarını itirdi.
İlk baxışdan bu, böyük geriləmə kimi görünürdü. Əslində isə klubun tarixində yeni mərhələ başlayırdı.
PSJ artıq futbolçuların adına deyil, onların meydanda görəcəyi işə üstünlük verirdi. Transfer bazarında məşhur simaların arxasınca qaçmaq əvəzinə, komandanın oyun sisteminə uyğun gələn futbolçular axtarılırdı. Luis Enrikenin gəlişi ilə bu dəyişiklik meydanda da hiss olunmağa başladı.
Nəticə göz qabağındadır. PSJ 2025-ci ildə tarixində ilk dəfə Çempionlar Liqasını qazandı. Bir il sonra isə titulunu qorudu. Paris təmsilçisi artıq ardıcıl iki mövsüm Avropanın ən güclü komandası olduğunu sübut etmişdi.
Bəs illərlə yüz milyonlarla avronun həll edə bilmədiyi problemi nə dəyişdi?
Bu uğurlarda Luis Enrikenin xidmətlərini kiçiltmək mümkün deyil. Amma Paris klubunda baş verənlərə daha diqqətlə baxanda başqa bir ad ön plana çıxır. O, meydanda görünmür, mətbuat konfranslarında baş məşqçi qədər danışmır, vurulan qollardan sonra diqqət mərkəzinə düşmür. Bununla belə, PSJ-nin yeni simasının formalaşmasında onun da ciddi payı var.
Söhbət portuqaliyalı futbol funksioneri Luis Kamposdan gedir.
Maraqlıdır ki, Kamposun adı ilk dəfə deyil çempion komandanın qurulması ilə yanaşı çəkilir. O, bundan əvvəl “Monako” və “Lill”də də oxşar iş görüb. Hər iki klub onun formalaşdırılmasında iştirak etdiyi heyətlə sonradan Fransa çempionu olub.
Üç fərqli klubda uğurlu layihələrin qurulmasında iştirak etmək artıq təsadüfə bənzəmir.
“Monako”da başlayan hekayə
Kamposun Fransa futbolunda tanınması 2013-cü ildə “Monako”ya gəlişindən sonra başladı. Klubun yeni sahibləri böyük hədəflər müəyyənləşdirmişdilər. Ancaq yalnız bahalı futbolçular almaqla uzunmüddətli uğur qazanmağın mümkün olmadığını da anlayırdılar.
Kamposun üstünlüyü məhz burada üzə çıxdı. O, hələ böyük klubların diqqətini cəlb etməmiş istedadları müəyyənləşdirməyi bacarırdı.
Bernardo Silva və Fabinyo kimi futbolçuların “Monako”ya gətirilməsi bu siyasətin ən uğurlu nümunələrindən oldu. Sonradan hər ikisi Avropanın aparıcı klublarına transfer edildi.
“Monako” tədricən həm rəqiblərinə ciddi müqavimət göstərən, həm də futbolçu satışından böyük gəlir götürən kluba çevrildi.
2016/2017 mövsümündə isə sensasiya baş verdi. “Monako” PSJ-ni geridə qoyaraq Fransa çempionu oldu. Komanda həmin mövsüm Çempionlar Liqasının yarımfinalına da yüksəldi.
Kampos bu uğur zamanı artıq klubda işləmirdi. Lakin çempion heyətin bir sıra əsas futbolçularının seçilməsində onun rolu olmuşdu.
“Lill”də PSJ-yə ikinci zərbə
Kamposun növbəti dayanacağı “Lill” oldu. Burada onu daha çətin vəzifə gözləyirdi. “Monako” ilə müqayisədə maliyyə imkanları məhdud idi. Transfer bazarında böyük məbləğlər xərcləmək mümkün deyildi.
Portuqaliyalı yenə bildiyi yolla getdi. Gənc və perspektivli futbolçular tapmaq, onları inkişaf etdirmək, komandanı gücləndirməklə yanaşı, gələcək satışlardan gəlir əldə etmək.
Viktor Osimhen bu siyasətin ən uğurlu nümunələrindən biri oldu. Nigeriyalı hücumçu 2019-cu ildə “Lill”ə gətirildi. Cəmi bir mövsüm sonra isə “Napoli” onu böyük məbləğ qarşılığında transfer etdi.
Kamposun “Lill”də gördüyü işlərin bəhrəsi 2020/2021 mövsümündə ortaya çıxdı. Klub PSJ-ni geridə qoyaraq Fransa çempionu oldu.
Maraqlıdır ki, Kampos bu dəfə də çempionluq qazanılan vaxt artıq komandadan ayrılmışdı. Ancaq titul uğrunda mübarizə aparan heyətin qurulmasında onun xidmətləri vardı.
Beləliklə, portuqaliyalı funksionerin iştirak etdiyi iki fərqli layihə Fransa futbolunda PSJ-nin üstünlüyünə son qoymuşdu.
Bir neçə il sonra isə Kampos elə həmin PSJ-nin uğurları üçün çalışmağa başladı.
Parisdə fərqli vəzifə
2022-ci ildə PSJ-yə gələndə Kamposun qarşısında tamamilə başqa problem dayanırdı.
“Monako” və “Lill”də əsas məsələ məhdud imkanlardan maksimum istifadə etmək idisə, Parisdə pul problemi yox idi. Klub dünyanın ən bahalı heyətlərindən birinə sahib idi. Messi, Neymar və Mbappe kimi ulduzlar eyni komandada çıxış edirdilər.
Amma ortada Çempionlar Liqası kuboku yox idi.
PSJ-nin problemi artıq transferlərə nə qədər pul xərcləməsi deyil, həmin futbolçulardan necə komanda yaratması idi.
Kamposun gəlişindən sonra transfer siyasətində dəyişikliklər başladı. Əlbəttə, Messi, Neymar və Mbappenin ayrılıqlarının hamısını onun qərarı kimi təqdim etmək olmaz. Hər birinin klubdan getməsinin öz səbəbləri vardı.
Ancaq nəticədə PSJ illərlə bağlı qaldığı ulduzlar modelindən uzaqlaşdı.
2023-cü ildə Luis Enrikenin baş məşqçi təyin olunması bu prosesə əlavə təkan verdi. İspaniyalı mütəxəssis adından və qiymətindən asılı olmayaraq, bütün futbolçulardan eyni intizamı və komanda oyununa sədaqəti tələb edirdi.
Kampos isə həmin futbol fəlsəfəsinə uyğun heyətin qurulmasında iştirak edirdi.
Milyonluq ulduzların yerinə kimlər gəldi?
Vitinya, Joao Neveş, Vilyan Paço, Bredli Barkola, Dezir Due və Usman Dembele...
PSJ-nin yeni simasını formalaşdıran futbolçuların adlarına baxanda əvvəlki illərdən fərqli mənzərə görünür.
Bu oyunçuların bir qismi Parisə gələndə hələ dünya futbolunun ən böyük ulduzları sayılmırdı. Bəziləri isə istedadını göstərsə də, karyerasının ən yüksək səviyyəsinə çatmamışdı.
Kamposun transfer siyasətinin güclü tərəflərindən biri məhz belə futbolçuları müəyyənləşdirməkdir.
Vitinya və Joao Neveş yarımmüdafiədə komandanın oyununu dəyişdirdilər. Paço müdafiənin əsas simalarından birinə çevrildi. Barkola və Due hücum xəttinə sürət və yaradıcılıq gətirdilər.
Dembele isə Luis Enrikenin rəhbərliyi altında tamam başqa səviyyəyə yüksəldi. Fransalı hücumçu 2025-ci ildə “Qızıl top” mükafatını qazandı.
Kvaratsxeliyanın transferində Kamposun şəxsi rolu
Luis Kamposun PSJ-də həyata keçirdiyi ən diqqətçəkən transferlərdən biri Xviça Kvaratsxeliyanın “Napoli”dən alınmasıdır. Gürcüstanlı hücumçunun 2025-ci ilin yanvarında Parisə gəlişi təsadüfi qərar deyildi. PSJ hələ əvvəlki ildən onun transferi üzərində işləyirdi.
Danışıqların həlledici mərhələsində Kampos şəxsən prosesə qoşuldu. O, “Napoli”nin idman direktoru Covanni Manna və futbolçunun agenti Mamuka Cuqeli ilə görüşərək razılaşmanın əldə olunmasında iştirak etdi. Nəticədə PSJ təxminən 70 milyon avro qarşılığında Kvaratsxeliyanı heyətinə qatdı.
Bu transferdə maraqlı məqam futbolçunun öz etirafıdır. Kvaratsxeliya sonradan bildirib ki, PSJ-ni seçməsində klub prezidenti Nasser Əl-Xəlaifi, Luis Kampos və baş məşqçi Luis Enrike ilə söhbətləri mühüm rol oynayıb. Onların gürcüstanlı futbolçunu komandada görmək istəyi qərarına ciddi təsir göstərib.
Kampos özü də bu transferin əhəmiyyətini gizlətməyib. O, 2026-cı ilin fevralında verdiyi müsahibədə Kvaratsxeliyanın qış transfer dövründə alınmasını nadir fürsət adlandırıb.
Beləliklə, Kvaratsxeliyanın PSJ-yə gəlişi Kamposun yalnız istedadları müəyyənləşdirməklə kifayətlənmədiyini, mürəkkəb transfer danışıqlarında da şəxsən iştirak etdiyini göstərən nümunələrdən biridir.
Əvvəlki PSJ-də hücumun taleyi çox vaxt Messi, Neymar və Mbappenin fərdi ustalığından asılı olurdu. Yeni komandada isə qol vurmaq da, müdafiə olunmaq da kollektiv işə çevrildi.
2025-ci ildə Çempionlar Liqasının finalında “İnter” üzərində qazanılan 5:0 hesablı qələbə bu dəyişikliyin ən parlaq nümayişi idi.
Bir il sonra PSJ “Arsenal”ı penaltilər seriyasında məğlub edərək Avropa çempionluğunu qorudu.
Kamposun səhvləri də az olmayıb
Portuqaliyalı funksionerin fəaliyyətini yalnız uğurlu transferlərlə qiymətləndirmək düzgün olmazdı. Onun PSJ-dəki dövründə milyonlarla avronun xərcləndiyi, lakin gözləntiləri doğrultmayan transferlər də həyata keçirilib.
Randal Kolo Muani bunlardan biridir. Fransa millisinin hücumçusu 2023-cü ildə “Ayntraxt”dan böyük məbləğ qarşılığında alınsa da, Parisdə özünü doğrulda bilmədi.
Milan Şkrinyarın transferi də uğurlu alınmadı. Təcrübəli müdafiəçi komandada gözlənilən mövqeyi qazana bilmədi.
Qonsalu Ramuşun transferi isə birmənalı qarşılanmadı. Portuqaliyalı hücumçu üçün ciddi vəsait xərclənsə də, Luis Enrike bir çox mühüm oyunda hücumun mərkəzində başqa variantlara üstünlük verdi.
Kamposun PSJ-dəki ilk mühüm qərarlarından olan Kristof Qaltyenin baş məşqçi təyin edilməsi də uzunmüddətli nəticə vermədi. Fransalı mütəxəssis cəmi bir mövsümdən sonra postunu tərk etdi.
Deməli, Kampos da səhv edir. Hətta böyük səhvlər.
Ancaq onun karyerasına bütövlükdə baxanda uğursuz qərarların yeni futbolçuların seçilməsinə və komandanın inkişafına mane olmadığı görünür.
Hər mövqe üçün doqquz futbolçu
Kamposun iş metodunun maraqlı tərəflərindən biri transferlərə necə hazırlaşmasıdır.
O, 2026-cı ilin fevralında TF1-ə müsahibəsində hər mövqe üçün müxtəlif qiymət kateqoriyalarında doqquz futbolçudan ibarət siyahı hazırladığını danışıb.
Yəni klub bir futbolçunu ala bilməyəndə transfer planı pozulmur. Əvvəlcədən müəyyənləşdirilmiş alternativlər mövcud olur.
Kampos üçün futbolçunun yalnız meydandakı göstəriciləri kifayət etmir. Onun xarakteri, davranışı, ambisiyaları və kollektivə uyğunluğu da önəmlidir.
Vilyan Paçonun transferindən əvvəl müdafiəçi ilə Madriddə şəxsən görüşməsi bunun nümunəsidir. Portuqaliyalı funksioner futbolçunun təkcə bacarığını deyil, necə insan olduğunu da anlamağa çalışıb.
Bu yanaşma Kamposun niyə uzun illərdir transfer bazarında fərqləndiyini müəyyən qədər izah edir.
PSJ öz yetirmələrini də xatırladı
Paris klubunda dəyişən yalnız transfer siyasəti deyil.
Əvvəlki illərdə PSJ akademiyasından çıxan bir sıra istedadlar əsas komandada kifayət qədər şans qazanmadan başqa klublara üz tutmuşdular.
Kingsli Koman, Kristofer Nkunku və Mayk Menyan sonradan Avropa futbolunda tanınmış simalara çevrildilər.
Yeni dövrdə isə Paris klubu öz yetirmələrinə daha çox güvənməyə başladı.
Uorren Zair-Emeri və Senni Mayulu kimi futbolçuların əsas komandada yer alması bunun göstəricisidir.
PSJ artıq hər mövqedə yaranan problemi mütləq transfer bazarında həll etməyə çalışmır. Akademiyadan gələn futbolçular da komandanın gələcəyinin bir hissəsi kimi nəzərdən keçirilir.
2030-cu ilə qədər verilən etimad
Kamposun Parisdəki işindən klub rəhbərliyinin razı qaldığını göstərən ən mühüm qərarlardan biri 2025-ci ilin mayında qəbul olundu.
Qatar Sports Investments portuqaliyalı funksionerlə müqaviləni 2030-cu ilə qədər uzatdı.
Üstəlik, onun səlahiyyətləri yalnız PSJ ilə məhdudlaşmadı. Kampos QSI-nin digər futbol layihələrinin idman strategiyasında da iştirak etməyə başladı.
Bura Portuqaliyanın “Braqa” klubu ilə bağlı fəaliyyət də daxildir.
Bir vaxtlar “Monako” və “Lill”də futbolçu seçimi ilə ad çıxaran mütəxəssis indi daha geniş miqyaslı futbol layihələrinin qurulmasında söz sahibidir.
Üçüncü Çempionlar Liqası arzusu
PSJ artıq ardıcıl iki dəfə Çempionlar Liqasını qazanıb. Amma Kampos bununla kifayətlənmək niyyətində deyil.
O, sentyabrda verdiyi müsahibədə komandanın üçüncü dəfə ardıcıl Avropa çempionu olmaq istəyini qoruduğunu bildirib.
Oktyabrın 26-da “Qızıl top” mərasimində PSJ-nin yenidən ilin ən yaxşı klubu seçilməsi də Parisdə görülən işlərə verilən növbəti qiymət oldu.
Klub prezidenti Nasser Əl-Xelaifi mükafatdan sonra Luis Enrike, Luis Kampos, futbolçular və digər əməkdaşların xidmətlərini xüsusi vurğuladı.
İndi Parisdə qarşıya qoyulan məqsəd yalnız titul qazanmaq deyil. PSJ Avropa futbolundakı üstünlüyünü mümkün qədər uzun müddət saxlamaq istəyir.
PSJ-nin görünməyən adamı
Luis Kamposun karyerasında maraqlı bir məqam var. O, “Monako” və “Lill”də çalışarkən qurulmasında iştirak etdiyi komandalar sonradan PSJ-ni geridə qoyaraq Fransa çempionu oldular. İndi isə həmin portuqaliyalı Paris klubunun Avropadakı uğurlarında pay sahibidir.
“Monako” və “Lill”də onun əsas üstünlüyü az tanınan istedadları tapmaq, onları inkişaf etdirmək və rəqabətədavamlı heyət qurmaq idi. PSJ-də isə qarşısında başqa vəzifə dayanırdı: böyük pullarla alınmış futbolçuların bir araya gətirilməsinin hələ güclü komanda yaratmaq demək olmadığını anlayan klub üçün yeni heyət formalaşdırmaq.
Bu gün PSJ-nin oyununa baxanda Luis Enrikenin əməyi açıq görünür. Komandanın pressinqi, topa nəzarəti, hücumların qurulması və meydandakı intizamı baş məşqçinin işinin nəticəsidir.
Kamposun xidmətlərini görmək üçün isə bir qədər geriyə, həmin futbolçuların Parisə necə və nə üçün gətirildiyinə baxmaq lazımdır.
O, nə qol vurur, nə də oyun zamanı texniki zonadan göstəriş verir. Amma meydanda görünən futbolun ərsəyə gəlməsində onun da əli var.
Bir vaxtlar yüz milyonlarla avro xərcləyib Çempionlar Liqasını qazana bilməyən PSJ indi ardıcıl iki mövsüm Avropanın zirvəsindədir.
Bu dəyişiklikdə Luis Enrikenin böyük payı var. Amma Kamposun “Monako”dan başlayıb “Lill”də davam edən, PSJ-də isə yeni miqyas alan karyerasına baxanda bir nəticə çıxır: böyük komanda qurmaq üçün yalnız pul və məşhur futbolçular kifayət etmir.
Həmin pulları kimə və niyə xərclədiyini bilən adam da lazımdır.
PSJ-də bu adamlardan biri Luis Kamposdur.
Elmidar Əliyev
