Elvin Həsənov: “Start fitinə qədər pulu verməsələr, oyuna çıxmayacağıq”

Xəbərlər
22 Dekabr 2025 13:34
40
Elvin Həsənov: “Start fitinə qədər pulu verməsələr, oyuna çıxmayacağıq”

“Hazırda oyunun keçiriləcəyi “Rekord Arena”dayıq. Matçın başlamasına da 1 saat qalıb. Start fitinə qədər borclu olduqları məbləği ödəməsələr, oyuna çıxmayacağıq”.

Bunu ikinci Liqanın 14-cü turu çərçivəsində bu gün lider “Xankəndi” ilə qarşılaşmalı olan “Şəki”nin baş məşqçisi Elvin Həsənov deyib.

3 aydır maaş üzünə həsrət qalan, ötən tur “Qaradağ Lökbatan”la görüşdə mübarizə aparmaqdan imtina edərək texniki məğlubiyyət alan bölgə təmsilçisinin çalışdırıcısı son ana qədər gözləyəcəklərini bildirib:

“Dünən yenə toplantı oldu. Söz verdilər ki, oyun saatına qədər texniki heyətə ödəməli olduqları pulu verəcəklər. Verməsələr, komanda oynamayacaq. Deyiblər ki, stadiona gəlin, biz də gəlmişik”, - deyə o, fanat.az-a açıqlamasında deyib.

Xatırladaq ki, “Şəki” bu matça da çıxmasa qaydalara əsasən, çempionatdan kənarlaşdırılmalıdır.

İdman.Biz