Messinin vida oyunundan sonra qalmaqal - FOTO/VİDEO

13 Oktyabr 2026 15:09
111
Messinin vida oyunundan sonra qalmaqal - FOTO/VİDEO

Benin futbol millisinin baş məşqçi köməkçisi Tunde Adelakun Argentina yığmasını Lionel Messinin vida oyunundan sonra göstərdiyi münasibətə görə tənqid edib.

İdman.Biz xəbər verir ki, Adelakun “The African Football Club” saytında dərc olunan yazısında Argentina millisinin üzvlərinin beninli futbolçularla ünsiyyətdən yayınmasına etiraz edib.

“Argentina millisinin oyundan sonra komandamızla ünsiyyət qurmaq istəməməsi məni heyrətləndirdi. Bu münasibət çox açıq və həyasızcasına idi. Matçın sonunda əl sıxmalar tələsik və soyuq keçdi. Futbolçularımızın təbrik etmək istədikləri şəxsə yaxınlaşmaq cəhdləri isə təhlükəsizlik əməkdaşlarının kifayət qədər aqressiv müqaviməti ilə qarşılandı”, - deyə Adelakun bildirib.

Məşqçi Messinin şərəfinə təşkil olunan mərasim zamanı yaşananlardan da narazılığını ifadə edib:

“Messi üçün fəxri dəhliz təşkil edilərkən kimsə komandamıza sıraya düzülməyi və o, yanlarından keçəndə alqışlamağı təklif etdi. Təhlükəsizlik əməkdaşları dərhal futbolçularımızı oradan uzaqlaşdırdılar. Elə davranırdılar ki, sanki oyunçularımız iğtişaş törədən quldurlardır”.

Adelakun Messinin stadionda vida dövrəsi vurduğu zaman da Benin millisinin futbolçularından uzaqlaşdığını iddia edib.

“Messi vida dövrəsini vurarkən bir neçə futbolçumuz onun hərəkətini tamamlayacağı yerdə sıraya düzülmüşdü. Son anda Leo qəfil istiqamətini dəyişdi. O, Benin millisinin futbolçularından ibarət qrupa yaxınlaşmaqdan bilərəkdən yayınaraq meydanın mərkəzinə doğru getdi”.

Qeyd edək ki, oktyabrın 7-də Argentina millisi yoldaşlıq görüşündə Beninə 3:0 hesabı ilə qalib gəlib. Milli komandada son oyununu keçirən Messi penaltidən bir qol vurub və iki məhsuldar ötürmə verib.

39 yaşlı hücumçu Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014 və 2026-cı illərdə dünya çempionatının gümüş mükafatçısı olub. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb.

İdman.Biz