“Böyük komandaları Bakıya gətirdiyi üçün “Sabah”a təşəkkür edirəm. Avropada Azərbaycan adının təmsil olunması qürurverici haldır”.
Bu sözləri AFFA-nın Texniki Departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.
Veteran futbolçu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi “Slaviya”ya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb.
“Təmsilçimiz “Mançester Yunayted”lə qarşılaşmada da cəsarətli oyun nümayiş etdirdi və öz oyun üslubuna sadiq qaldı. İnanıram ki, “Slaviya” ilə görüşdə də eyni yanaşmanı davam etdirəcək və öz oyun üslubundan əl çəkməyəcək. Sevindirici haldır ki, “Sabah” meydana çıxdığı qarşılaşmalarda cəsarətli futbol sərgiləməyi bacarır. Bu, komandanın inkişafı və Avropa səhnəsində özünü göstərməsi baxımından çox vacibdir. Rəqib köklü klubdur və uzun illərdir Çexiya çempionatında dominantlıq edir. Buna baxmayaraq, komandamıza güvənirəm. İnanıram ki, “Sabah” doğma azarkeşləri önündə özünəinamlı və cəsarətli futbol nümayiş etdirəcək. Azarkeş dəstəyinin komandaya əlavə motivasiya verəcəyini düşünürəm. Ümid edirəm ki, “Sabah” yaxşı oyunla yanaşı, istədiyimiz nəticəni də əldə edəcək və bu qarşılaşmadan qələbə ilə ayrılacaq”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Sabah” - “Slaviya” görüşü bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
