“Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasındakı tarixi debüt, qarşıdakı oyunlar və komandanın hədəfləri barədə danışıb.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis “Arab News” nəşrinə müsahibəsində Avropanın ən nüfuzlu klub turnirində iştirakın “Sabah” üçün böyük uğur olduğunu bildirib.
“Sabah” əvvəllər nə Konfrans Liqasında, nə də Avropa Liqasında iştirak edib. Avrokuboklarda heç vaxt iki mərhələdən artıq keçməmişdik. İndi isə dörd təsnifat mərhələsini adlayaraq Çempionlar Liqasına vəsiqə qazandıq. Əlbəttə, klubun brendini inkişaf etdirmək, tanınmaq, daha yaxşı futbol oynamaq və nəticələr qazanmaq istəyirik. Lakin bundan sonra əldə edəcəyimiz hər şey əlavə uğurdur”, - deyə Dambrauskas bildirib.
Baş məşqçi püşkatmanın Azərbaycan çempionu üçün çətin olduğunu etiraf edib:
“Püşkatma bizim üçün əlverişli olmadı. Dünyanın ən güclü komandaları ilə qarşılaşacağıq. Lakin bu oyunlar təkcə meydandakı nəticələr baxımından deyil, təşkilatçılıq, klubun və Azərbaycanın tanıdılması baxımından da dəyərli təcrübə qazandıracaq”.
Dambrauskas ilk turda İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesablı məğlubiyyətin səbəblərinə də toxunub. Onun sözlərinə görə, futbolçular rəqibin gücündən və stadiondakı atmosferdən qorxmayıblar, lakin taktiki səhvlərə yol veriblər.
“Məncə, futbolçularımız qorxmadılar və atmosferin təsiri altına düşmədilər. Sadəcə, müəyyən tərəddüdlərimiz oldu. Bu səviyyədə rəqiblər ən kiçik səhvləri belə cəzalandırırlar. Daha yaxşı oynaya bilərdik”.
Mütəxəssis komandanın qarşıdakı səfərlərdə qət edəcəyi məsafəyə xüsusi diqqət çəkib:
“Bildiyimə görə, bu mövsüm Avropada ən uzun məsafə qət edəcək komanda bizik. Hesablamalara əsasən, dörd səfər oyunu üçün 17 min kilometr yol getməliyik. Geri dönüşlə birlikdə bu, 34 min kilometr edir. Yer kürəsinin çevrəsinin təxminən 40 min kilometr olduğunu nəzərə alsaq, demək olar ki, dünya ətrafında dövrə vuracağıq”.
Baş məşqçi sıx oyun təqviminin məşq prosesinə də təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, qarşıdakı aylarda meydanda məşqlərə daha az vaxt ayrılacaq, videoanaliz və futbolçularla fərdi söhbətlər isə daha böyük əhəmiyyət daşıyacaq.
Dambrauskas “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olmasını tarixi nailiyyət adlandırıb:
“Bu, Azərbaycan futbolu üçün tarixi uğurdur. “Sabah” “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubudur. Hazırda həm ölkə daxilində, həm də dünyada bizə böyük maraq var. Bu fürsətdən istifadə edərək daha çox azarkeş qazanmalıyıq”.
Litvalı mütəxəssis klubun qısa müddətdə əldə etdiyi uğurları da xüsusi vurğulayıb:
“Avqustun 25-də Çempionlar Liqasına vəsiqə qazananda klubun hələ səkkiz yaşı vardı. Bu, həqiqətən inanılmaz hekayədir. Belə qısa müddətdə bu klubu yaradan və inkişaf etdirən insanlar böyük hörmətə layiqdirlər”.
Dambrauskasın sözlərinə görə, əsas məqsədlərdən biri Azərbaycan futbolunun beynəlxalq nüfuzunu artırmaqdır.
“İndi “Sabah”ı və Azərbaycan futbolunu tanıtmaq vaxtıdır. Dünyadakı insanlar bilməlidirlər ki, bu ölkədə futbol var və kifayət qədər keyfiyyətlidir. Ardıcıl iki ildə iki Azərbaycan klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi ölkə futbolunun potensialını göstərir”.
Qeyd edək ki, 2017-ci ildə yaradılan “Sabah” ötən mövsüm ilk dəfə Azərbaycan çempionu olub və ölkə kubokunu da qazanıb. Komanda Çempionlar Liqasının liqa mərhələsində ikinci oyununu bu gün Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
