Rusiyanın idman mətbuatında futbol üzrə Çempionlar Liqasının cari mövsümündə “Qarabağ”ın çıxışına həsr olunan material dərc edilib.
İdman.Biz xəbər verir ki, “Sovetskiy sport” qəzetində dərc olunan məqalədə müəllif Azərbaycan çempionunun uğurlu çıxışının səbəblərini ətraflı təhlil edib və onu postsovet məkanını təmsil edən komandalar arasında turnirin əsas fenomeni adlandırıb.
“Mövcud vəziyyətə görə Azərbaycan çempionu postsovet məkanının ən güclü komandasıdır. “Ayaks”dan doğma meydanda alınan ağrılı məğlubiyyətə (2:4) baxmayaraq, “Qarabağ” artıq “Benfika”, “Kopenhagen” və “Çelsi” ilə oyunlarda yeddi xal toplayıb ki, bu da pley-off mərhələsinə yüksəlmək üçün ciddi ümidlər yaradır”, – deyə materialda bildirilir.
Məqalədə Ağdam təmsilçisinin baş məşqçisinə və uzun illər ərzində formalaşmış komanda fəlsəfəsinə xüsusi diqqət yetirilib.
“Qarabağ”ın uğurunun ilk və yəqin ki, əsas amili Qurban Qurbanovun 18 il ərzində yaratdığı dəqiq qurulmuş oyun sistemidir. Komanda rəqibin statusundan və titullarından asılı olmayaraq, öz futbolunu oynamağa çalışır”, – deyə müəllif vurğulayır.
Həmçinin qeyd olunur ki, “Qarabağ” Avropa nəhənglərinə qarşı matçlarda belə cəsarətli futboldan imtina etmir.
“Xüsusilə onu qeyd etmək lazımdır ki, oyunu nəzarətdə saxlamağı bacaran “Çelsi” ilə qarşılaşmada Qurbanovun komandası bütün matç boyu bir dəfə də olsun qapısı önündə qapanmayıb. Topa sahib olduqda “Qarabağ” 4-3-3 sxemi ilə düzülür, topsuz oyunda isə Avropanın aparıcı klubları qədər çevik fəaliyyət göstərir”, – deyə “Sovetskiy sport” yazır.
Məqalədə komandanın liderləri və heyətin yaş balansı da ayrıca önə çəkilir ki, bu da klubun stabil nəticələr göstərməsinə imkan verir.
“Qarabağ”ın futbolu sözün əsl mənasında komanda oyunudur və burada hər bir detal dəqiqliklə işləyir. İdeal yaş balansı Ağdam klubu üçün cari mövsümü pik nöqtəyə çevirir”, – deyə nəşrdə qeyd olunur.
Materialda Azərbaycanın futbol infrastrukturu da diqqətdən kənarda qalmayıb.
“Avrokuboklarda “Qarabağ” rəqiblərini 30 min tamaşaçı tutumuna malik Tofiq Bəhramovun adına olan stadionunda qəbul edir. Sovet hakimi Tofiq Bəhramovun adını daşıyan arena müasir infrastruktura malikdir və Azərbaycan futbolunun simvollarından biri hesab olunur. Ümumiyyətlə, “müasir” sözü Bakının bir çox obyektlərinə aid edilə bilər. Azərbaycan paytaxtı sürətlə inkişaf edir və futboldakı sıçrayış Cənubu Qafqazın əsas şəhərlərindən birinin iqtisadi uğurları ilə harmonik şəkildə uzlaşır”, – deyə müəllif bildirir.
Yazının sonunda jurnalistlər Azərbaycan və Rusiya futbolu arasında paralellər aparıblar.
“Azərbaycan və Rusiya çempionlarını (“Krasnodar” - red.) birləşdirən əsas cəhət onların sistemli yanaşmasıdır. Onların idman uğurlarının təməlində möhkəm baza, infrastruktur və azarkeş dəstəyi dayanır. Hər iki klub əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Məhz buna görə də onlar gələcəyə nikbin baxırlar”, – deyə nəşr yekunlaşdırır.
Teymur Tuşiyev
