Elvin Həsənov: “Son bir ayda ümumiyyətlə məşq etmədik, stadiona buraxmadılar”

Xəbərlər
17 Dekabr 2025 11:20
47
Elvin Həsənov: “Son bir ayda ümumiyyətlə məşq etmədik, stadiona buraxmadılar”

“Məni komandaya dəvət edəndə çoxlu vədlər verilmişdi. İlk günlər hər şey fantastik dərəcədə ideal idi. Lakin aylar sonra verilən vədlərin heç birinə əməl olunmadı, mən və futbolçularım bir manat pul ala bilmədik”.

Bu sözləri İkinci Liqada mübarizə aparan “Şəki”nin baş məşqçisi Elvin Həsənov deyib.

“Şəki” ikinci Liqanın 13-cü turunda “Qaradağ Lökbatan”la qarşılaşmalı idi. Ancaq komanda oyunun başlanmasından bir qədər əvvəl meydana çıxmayacağını açıqlayıb.

Gənc mütəxəssis yaranmış durumun səbəbini açıqlayıb.

“Komanda İkinci Liqada “Xudat” adı ilə çıxış etməli idi. Buna görə də adıçəkilən komandaya xeyli pul xərcləndi. Bu məbləğ 240-300 minə yaxın idi. İlk 4-5 turda bu vəsait xərclənib. Camaat bu məbləğə Birinci Liqada mövsümü tamamlayır. Son bir ayda ümumiyyətlə məşq etmədik, stadiona buraxmadılar. Futbolçular son dörd oyuna mənim xahişimlə meydana çıxdı. Bunun bariz nümunəsi “Quba” ilə qarşılaşmanı göstərmək olar. Məşq etmədən oyuna çıxdıq və 1:4 hesabı ilə uduzduq. Komandanı 8-9-cu pillədən götürüb 4-cü yerə qədər qaldırmışam. Yaxşı heyətimiz var, asanlıqla Birinci Liqaya vəsiqə qazanmaq olardı. Son bir ayda boş-boş vədlər, “bu oyuna çıxın, gələn tur hər şey həll olunacaq” kimi sözləri eşitməkdən bezmişdik. Rayonda qalan əsas heyətin 6 futbolçusun ev sahibinə borcu yarandı, ev sahibi futbolçuları evdən çıxartdı. Bizim gücümüz nəyə çatırdı, edirdik. Qış “transfer pəncərəsi” açılmaq üzrədir. Hamı özünə gün ağlamaq fikrindədir. Son oyundan sonra rəhbərliyə dedim ki, heç olmasa, qalıq borcdan bir aylıq maaş verin. Mən də komanda ilə danışıb oyuna çıxarıq. Razılaşdılar, sonra da telefona cavab vermədilər. Bizdə qərar verdik ki, “Qaradağ Lökbatan”la görüşə çıxmayaq. Dəfələrlə FİF-də klub rəhbərliyi ilə iclas oldu, danışıqlar getdi, “hər şey əla olacaq” deyib yola saldılar. Dəyişən heç nə yoxdur. Yəqin ki, “Şəki” heç kimə lazım deyil. Hamımızın peşəkar müqaviləmiz var, şikayət etmişik. Məvacibimizi istəyirik. “Transfer pəncərəsi” açılsın, təklifləri dəyərləndirəcəyik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

İdman.Biz