Fransa Liqa 1-də 16-cı turun ən yadda qalan qarşılaşmalarından biri keçirilib.
İdman.Biz xəbər verir ki, “Lill” səfərdə “Oser”lə qarşılaşıb və 4:3 hesablı çətin qələbə qazanıb.
Qonaq komandanın heyətində qolları 9-cu dəqiqədə Hakon Haraldsson, 77-ci dəqiqədə Nabil Bentaleb, 80-ci dəqiqədə Soriba Diaone və 86-cı dəqiqədə Benjamen Andre vurub.
“Oser”in qolları isə Lassine Sinayoko tərəfindən 57-ci və 83-cü dəqiqələrdə (ikinci qol penaltidən), eləcə də 66-cı dəqiqədə Şansel Mbembanın avtoqolu ilə qeydə alınıb.
Qarşılaşma gərginliyi ilə də seçilib. Meydan sahibləri və qonaqlar oyunu doqquz nəfərlə başa vurublar. “Lill”də 38-ci dəqiqədə Natan Nqoy, 88-ci dəqiqədə Romen Perro qırmızı vərəqə alıb. “Oser”də isə 60-cı dəqiqədə Kleman Akpa, 88-ci dəqiqədə Usama El-Azzuzi meydandan qovulub.
Bu nəticə ilə ardıcıl dördüncü qələbəsini qazanan “Lill” 32 xalla turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 12 xalı olan “Oser” isə 16-cı yerdə qərarlaşıb.
Növbəti turda “Lill” doğma meydanda “Ren”i qəbul edəcək, “Oser” isə səfərdə “Brest”lə üz-üzə gələcək.
