“Ayaks”ın total futbolu “Qarabağ”ı kölgədə qoydu – İDMAN.BİZ-in TƏHLİLİ

Xəbərlər
11 Dekabr 2025 09:33
52
“Ayaks”ın total futbolu “Qarabağ”ı kölgədə qoydu – İDMAN.BİZ-in TƏHLİLİ

“Qarabağ” Çempionlar Liqasındakı ən vacib ev tapşırığını yerinə yetirə bilmədi. Əsas mərhələnin altıncı turunda “Ayaks”a 2:4 hesabı ilə məğlubiyyət komandanın pley-offa yüksəlmək perspektivlərinə böyük sual işarəsi qoydu. Üstəlik, meydan sahiblərinin oyunu əvvəlki avrokubok matçları ilə müqayisədə zəif təəssürat yaratdı.

İdman.Biz-in məlumatına görə, görüşdən əvvəl Amsterdam təmsilçisinin böhran keçirdiyi barədə çox danışılır, mövsüm ərzində göstərilən nəticələr nümunə gətirilirdi. Amma hansı böyük klub çətin dövrlər yaşamayıb ki? Rəqibin oyunu bunun əksini göstərdi və Yohann Kroyffun böyük irsi heç vaxt izsiz yoxa çıxa bilməz. “Ayaks” total futbol fəlsəfəsini təbliğ edən komandadır, bu isə onun əsas üstünlüyünün hücum demək olduğu anlamına gəlir. Klub onilliklərdir ki, Çempionlar Liqasında çıxış edir, Akademiyasının yetirmələri isə hər zaman yüksək səviyyəli klubların diqqət mərkəzində olur. Bu səbəbdən “Qarabağ”ın cütün favoriti olması barədə danışmaq, yumşaq desək, bir qədər tələsik fikir idi.

Bəli, cari turnirin gedişatı və turnir cədvəlindəki mövqe baxımından Azərbaycan çempionu daha əlverişli durumda idi. “Benfika” və “Kopenhagen” üzərində qələbələr, “Çelsi” ilə heç-heçə təbii olaraq ağdamlılarda misilsiz optimizm və böyük inam yaratmışdı. Lakin “Ayaks”la oyun komandanın Avropa standartına uyğun oyun modelinin optimallaşdırılması üzərində hələ çox işləməli olduğunu göstərdi.

Ötən il hər iki klub Avropa Liqasında qarşılaşmışdı və həmin vaxt hollandlar Bakıda 3:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə isə daha çox – dörd qol vurdular. Halbuki “Qarabağ” oyunda iki dəfə hesabda irəli çıxmışdı. “Ayaks” isə sanki məşhur Braziliya prinsipini əsas götürmüşdü: “Siz bizə bacardığınız qədər, biz isə istədiyimiz qədər qol vuracağıq”. Nəticədə qonaqların üç qolu çox qısa bir müddətə - 79-cu dəqiqədən 90-cı dəqiqəyədək vuruldu və Oskar Qlux dubl etdi. “Qarabağ”ın hücumlarının səmərəliliyi isə xüsusilə Nəriman Axundzadə və Aleksey Kaşuk meydana çıxdıqdan sonra arzuolunan səviyyədə olmadı.“Ayaks” öz üslubunda oynadı, “Qarabağ” isə əvvəlki avrokubok matçlarından fərqli olaraq taktiki çevikliyi nümayiş etdirə bilmədi. Və görünür ki, ayrı-ayrı oyunlardakı uğurlara baxmayaraq, komanda hələ Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq yetkinliyə çatmayıb. Bu isə o deməkdir ki, daha real hədəflərə fokuslanmaq lazımdır - Avropanın ən nüfuzlu klub turnirində oyundan həzz almağa.

Bakıda məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası yeddi xalla 22-ci pilləyə düşdü. Halbuki növbəti mərhələyə 24 ən yaxşı komanda keçir. Azərbaycan çempionu növbəti oyunlarını gələn il keçirəcək - yanvarın 22-də “Ayntraxt”ı qəbul edəcək, yanvarın 29-da isə “Enfild”də “Liverpul”la qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.Biz

Məqalədə: