Dekabrın 10-da, Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Ayaks”ı qəbul edəcək.
İdman.Biz-in məlumatına görə, görüşü sloveniyalı hakim Rade Obrenoviçin rəhbərlik etdiyi briqada idarə edəcək.
Kağız üzərində qüvvələr nisbəti aydın görünür: “Ayaks” beş turdan sonra xal qazanmayıb, “Qarabağ” isə yeddi xalla avrokuboklarda yolu davam etdirmək uğrunda mübarizə aparır. Lakin məhz belə ssenarilər çox vaxt ən təhlükəli olur.
Bu, “Qarabağ” üçün adi bir oyun deyil. Dolmuş tribunalar qələbə tələb edəcək, komanda nəticə üçün məsuliyyəti hiss edir və rəqibin mövqeyi sanki qalibiyyətin mütləq olduğu fikrini yaradır. Bu təzyiq isə avrokubok oyunlarında favorit komandanın əleyhinə işləyə bilər.
“Ayaks” isə əksinə, Bakıya demək olar ki, turnir iddiası olmadan gəlir. Hesab-kitab aradan qalxanda oyun da yüngülləşir. Səhv etmək qorxusu azalır, komandalar daha cəsarətli, daha sürətli və daha riskli futbol oynayır. Bu sərbəstlik autsayderi xüsusilə təhlükəli edir.
Qrup mərhələsinin uğursuz keçməsinə baxmayaraq, “Ayaks” hələ də zəngin Avropa tarixçəsinə malik böyük klubdur. Temp, təcrübə, topa nəzarət mədəniyyəti – çətin mövsümdə belə itməyən dəyərlərdir. Təzyiqdən azad olan komanda bir anda daha aqressiv və effektli futbol göstərə bilər, xüsusilə də oyunçular heyətdə yer və məşqçilər korpusunun etimadı uğrunda mübarizə aparırsa.
Kadr itkisi də rəqibi təhlükəsiz etmir. Vaut Veqxorstun zədəsi, həmçinin Yosip Şutalo və Kennet Teylorun yoxluğu Amsterdam klubunun hücum strukturunu dəyişir. Belə durumda komandalar çox vaxt daha sürətli və proqnozlaşdırılması çətin hücumlara meyl edir ki, bu da “Qarabağ” müdafiəsi üçün əlavə çətinlik yarada bilər. Ən yaxşı vəziyyətində olmasa belə, Kasper Dolberqin meydana çıxa bilməsi variantları artırır.
Keçmiş oyunların xatirəsi də amillərdən biridir. Ötən il Avropa Liqasında “Ayaks”ın 3:0 hesablı qələbəsi hollandlara psixoloji üstünlük verir. “Qarabağ” isə həmin görüşdən rəqibə boşluq verildikdə nə qədər təhlükəli ola biləcəyini yaxşı xatırlayır.
Ev sahibləri üçün əsas risk - favorit təzyiqi altında oynamaq cəhdidir. Bu düşüncə tələsik qərarlara, əsassız risklərə, top itkilərinə gətirə bilər və “Ayaks” kimi komandalar belə səhvləri dərhal cəzalandıra bilir. Bununla belə, “Qarabağ” səfər matçlarında belə güclü rəqiblərlə rəqabət apara bildiyini sübut edib. Əsas odur ki, soyuqqanlılıq qorunsun və emosiyalar oyun planına mane olmasın.
“Qarabağ”ın qələbə üçün bütün imkanları var, amma bunun üçün “Ayaks”ın sıfır xalını zəiflik kimi qəbul etməməlidir. Turnir yükündən azad olan komanda bir anda daha cəsarətli və proqnozlaşdırılmaz oyun sərgiləyə bilər.
Bakıda gərgin axşam gözlənilir: meydan sahibləri arzunu davam etdirmək, qonaqlar isə qürur və azad oyun üçün mübarizə aparacaq. Belə matçlarda səhv edən zəif olan deyil, rəqəmlərə çox tez aldanandır.
Teymur Tuşiyev
