“Liverpul”un qadın futbolçusuna seksual xarakterli mesajlar yazan kişi hakim qarşısında

Xəbərlər
9 Dekabr 2025 13:27
39
“Liverpul”un qadın futbolçusuna seksual xarakterli mesajlar yazan kişi hakim qarşısında

İngiltərənin paytaxtı Londonda yaşayan Manqal Dalal adlı kişi “Liverpul”un qadın komandasında çıxış edən ulduz yarımmüdafiəçi Mari Hobinqeri təqib etdiyini etiraf edib.

İdman.Biz xarici KİV-ə istinadən məlumat verir ki, həmin şəxs 24 yaşlı avstriyalı futbolçuya “Instagram” vasitəsilə ədəbsiz və seksual xarakterli mesajlar göndərib.

O, yazışmada həm telefon nömrəsini, həm də ünvanını göstərib, futbolçudan onu ziyarət etməsini xahiş edib. Elektron yazışma 2025-ci ilin yanvar-fevral aylarında davam edib. Bundan sonra Hobinqer klubdan kömək istəyib.

Cinayət Təqibi Xidməti bildirir ki, mesajlar açıq məzmun daşıyıb və Dalal onunla görüşmək üçün oyunlara gələcəyinə eyham vurub. Öz təhlükəsizliyindən narahat olan futbolçu onu sosial şəbəkələrdə bloklayıb. Lakin kişi yenə də “Liverpul”un “Mançester Siti” ilə matçında tribunaya gəlib. Oyunda təhlükəsizlik xidməti növbə çəkib və Dalalın Xobinqeri meydanda gözlədiyi aydınlaşdıqdan sonra polis prosesə müdaxilə edib.

Dindirmə zamanı şübhəli törətdiklərini etiraf edib və psixoloji baxımdan qeyri-sabit vəziyyətdə olduğunu bildirib. İş artıq məhkəmə icraatındadır və 2026-cı il yanvarın 20-də hakim saxlanılan şəxsə hökm oxuyacaq.

İdman.Biz