“Ölkə çempionumuzdan gözləntilərimiz böyükdür”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) matçı ilə bağlı fikirlərini bölüşüb.
“Komandamız bizi sevindirir, ilklərə imza atır. “Ayaks”la oyun həlledici olacaq. Futbolçular da bunu dərk edir. Həmin gün “Qarabağ”ın ətrafında birləşəcəyik və kluba uğurlar arzulayacağıq, dəstək olacağıq. Nə qədər çətin olsa da, yaxşı nəticəyə inanırıq. Azərbaycan çempionunun turnirdə yoluna davam edəcəyinə ümid edirik. Azarkeşləri sevindirmək üçün tam güclərini ortaya qoyacaqlar. İnamımız böyükdür. Bakıya xalı olmayan, UEFA Çempionlar Liqasının autsayderi, amma nəhəng klub olan “Ayaks” gəlib. Çempionumuz bu kollektivə qarşı mübarizə aparacaq və psixoloji amil önəmlidir”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Sadıqov qələbəyə inandıqlarını vurğulayıb:
“UEFA Çempionlar Liqasında zəif komanda yoxdur. Ölkələrin ən güclüləri bu turnirdə çıxış edir. Unutmayaq ki, UEFA Avropa Liqasında “Ayaks”ı qəbul edərkən buraya məğlubiyyətsiz gəlmişdilər. İndi tam fərqlidir, onların xalı yoxdur. Ancaq buna baxmayaraq nüfuzlarını qoruyub saxlamaq üçün qalibiyyət əldə etməyə çalışacaqlar. “Qarabağ” da bunu yaxşı bilir və hazırlaşır. “Ayaks”ın adı bəs edir. Amma çempionumuz öz oyun üslubuna sadiq qalaraq, nəticə qazanacaq.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin VI turunda dekabrın 10-u “Ayaks”ı qonaq edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start veriləcək.
