Madridin “Real” klubunun rəhbərliyi Xabi Alonsonun mümkün gedişi halında Yürqen Kloppu baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
İdman.Biz İspaniya mediasına istinadən məlumat verir ki, “Mançester Siti” ilə qarşıdakı Çempionlar Liqası oyununun nəticəsi Alonsonun gələcək taleyində həlledici ola bilər.
Alonsonun durumunu La Liqada “Selta”ya 0:2 hesabı ilə məğlubiyyət daha da çətinləşdirib.
“Santyaqo Bernabeu”dakı görüş “Real” üçün mövsümün ən uğursuz oyunlarından biri olub: komanda iki qırmızı vərəqə ilə meydanı tərk edib və nəticələrdəki qeyri-sabitlik rəhbərliyin narahatlığını artırıb.
Gənc mütəxəssisin klubla müqaviləsi 30 iyun 2028-dək qüvvədə olsa da, rəhbərlik alternativ variantları qiymətləndirməyə başlayıb.
Bu çərçivədə Yürqen Klopp ən real namizədlərdən hesab olunur. O, “Liverpul”la Çempionlar Liqasını və Premyer Liqanı qazanıb.
“Real”ın siyahısında Zinəddin Zidanın da adı var, lakin Klopp təcrübəsi və iş üslubuna görə daha cəlbedici variant sayılır.
