Azərbaycanlı FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçular arasında dünya çempionatının oyununa təyinat alması Vyetnam mediasının diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, “Thanh Nien” nəşri azərbaycanlı hakimə xüsusi məqalə həsr edib və onu başlıqda “Avropanın kart kralı” adlandırıb.
Qeyd edək ki, Məsiyev bu gün Qətərdə keçirilən U-17 dünya çempionatının G qrupunun sonuncu - III turunda Vyetnam və Mali yığmaları arasındakı oyunu idarə edəcək. Noyabrın 19-dan dekabrın 13-dək davam edən mundialda 48 komanda mübarizə aparır.
Vyetnam nəşri azərbaycanlı hakimin sərt idarəçilik üslubuna xüsusi diqqət ayıraraq onun göstərdiyi sarı vərəqələrin statistikasını təqdim edib.
“WorldFootball” statistik portalının məlumatlarına istinad edən “Thanh Nien”in yazdığına görə, Məsiyev 2026-cı ildə 14 oyunda baş hakim olub və 47 sarı vərəqə göstərib. Bu isə hər matça orta hesabla 3,36 xəbərdarlıq deməkdir.
Bundan başqa, azərbaycanlı referi 2025/2026 mövsümündə Çempionlar Liqasının oyunlarından birində səkkiz sarı vərəqəyə əl atıb və 31 qayda pozuntusu qeydə alıb. 2024-cü ildə U-17 Avropa çempionatının seçmə mərhələsində keçirilən iki görüşdə isə ümumilikdə 10 sarı vərəqə göstərib.
Vyetnam mediası 35 yaşlı hakimin beynəlxalq təcrübəsini də vurğulayıb. 2021-ci ildən FIFA referisi statusu daşıyan Məsiyev UEFA-nın birinci kateqoriyalı hakimləri sırasındadır. O, Qətərə yollanmazdan bir qədər əvvəl - noyabrın 5-də Avropa Liqasının əsas mərhələsində Belçikanın “Anderlext” və Avstriyanın “Zalsburq” komandaları arasındakı oyunu idarə edib.
Azərbaycanlı hakimin sərtliyi digər Vyetnam idman nəşrlərinin də diqqətindən yayınmayıb. Yerli jurnalistlər qarşıdakı həlledici görüşdə milli komandanın futbolçularının oyun intizamına xüsusi diqqət yetirməli olduqlarını bildiriblər.
Vyetnam millisi Belçikaya 2:3 hesablı məğlubiyyət və Yeni Zelandiya ilə 3:3 hesablı heç-heçədən sonra bir xalla qrupda üçüncü yerdədir. Komandanın 1/16 finala yüksəlmək şansı qalır. İki qələbə qazanan Mali isə Yeni Zelandiyanı 3:0, Belçikanı 2:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.
Qarşılaşmada Elçin Məsiyevə həmyerliləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim Qətər təmsilçisi Əbdülhadi Əl-Ruəyli, ehtiyat köməkçi hakim isə onun həmyerlisi Zahi Snaid Əl-Şəmmari olacaq.
Qətərdəki “Aspire Zone” idman kompleksində keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, bu, Məsiyevin hazırkı dünya çempionatında dördüncü təyinatı, baş hakim qismində isə ikinci oyunu olacaq. Noyabrın 19-da Səudiyyə Ərəbistanı - Uruqvay (2:3) matçında dördüncü hakim funksiyasını yerinə yetirən referinin yanında Elşad Abdullayev ehtiyat köməkçi hakim olub. Ertəsi gün İspaniya - Çin (5:0) görüşündə də Məsiyev dördüncü hakim kimi çalışıb, bu dəfə Pərvin Talıbov ehtiyat köməkçi hakim vəzifəsini icra edib.
Noyabrın 22-də isə Azərbaycan hakimlər briqadası B qrupunun ikinci turunda Ekvador və Uqanda yığmaları arasındakı oyunu (0:0) tam heyətlə idarə edib. Həmin qarşılaşmada Məsiyev beş sarı vərəqə göstərib.
