Almaniyanın “Bavariya” futbol klubunun sabiq rəhbəri və əfsanəvi qapıçısı Oliver Kan Camal Musiala ilə bağlı yaranan vəziyyətə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 57 yaşlı mütəxəssis Maqdeburqda keçirilən tədbirdə Münhen klubunun rəhbərliyini futbolçuya qarşı münasibətinə görə tənqid edib.
Almaniya millisinin 23 yaşlı üzvü qısamüddətli şüur pozuntularına səbəb olan absans tutmalarından əziyyət çəkir. Futbolçunun xəstəliyi avqustda iki dəfə meydanda huşunu itirməsindən sonra ictimaiyyətə məlum olub.
“Bavariya” rəhbərliyinin bəzi nümayəndələri Musialanın əvvəlki oyun səviyyəsinə qayıda bilməyəcəyi təqdirdə maaşına yenidən baxılmasının mümkünlüyünü gündəmə gətiriblər.
Kan futbolçunun qüvvədə olan müqaviləsinə müdaxiləni və ictimaiyyət vasitəsilə ona maaşının bir hissəsindən imtina etməsi üçün təzyiq göstərilməsini hazırkı vəziyyətdə absurd hesab edir.
Sabiq qapıçının fikrincə, klub rəhbərliyi bütün mümkün ssenariləri qapalı qapılar arxasında müzakirə etməli, ictimaiyyət qarşısında isə futbolçuya tam dəstək nümayiş etdirməlidir.
Kan həmçinin Musialanın xəstəliyinin müalicə oluna biləcəyinə və futbolçunun yenidən yüksək səviyyədə çıxış edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Oliver Kan futbolçu karyerası ərzində “Bavariya”nın heyətində 632 qarşılaşmada iştirak edib, 2020-2023-cü illərdə isə klubun idarə heyətində fəaliyyət göstərib.
