Dekabrın 5-də, cümə günü, Vaşinqtonda Con F. Kennedi adına İcraedici İncəsənətlər Mərkəzində 2026-cı il futbol üzrə dünya çempionatının final püşkü atılacaq.
İdman.Biz-in məlumatına görə, püşkatma tarixdə ilk dəfə rekord sayda - 48 yığmanı qruplar üzrə böləcək və ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi ən böyük mundiala doğru gerisayımı faktiki olaraq başlatmış olacaq. Püşkatma mərasiminin başlanması Bakı vaxtı ilə 21:00-a planlaşdırılıb.
Əvvəlki dünya çempionatlarının püşklərindən fərqli əsas məqam - yeni miqyas və strukturun tətbiqidir: səkkiz qrup əvəzinə 12 qrup (A–L) olacaq və hərəsində dörd komanda mübarizə aparacaq. Üstəlik, mərasim zamanı bütün iştirakçılar müəyyənləşməyib: dördüncü səbətə əvvəlcədən Avropa pley-offunun dörd qalibi və qitələrarası pley-offun iki qalibi daxil edilib, bunlar isə sonradan bəlli olacaq.
Prosedurda da bir neçə ciddi “düzəliş” edilib. Komandalar FIFA reytinqinə əsasən (19 noyabr 2025-ci il buraxılışı) hərəsində 12 yığma olmaqla dörd səbətə bölünüb. Ev sahibləri avtomatik olaraq 1-ci səbətə yerləşdirilib və qruplardakı yerləri əvvəlcədən müəyyən olunub: Meksika – A1, Kanada – B1, ABŞ – D1. Daha sonra püşkatma 1, 2, 3 və 4-cü səbətlər üzrə davam edəcək, 2–4-cü səbətlər üzrə komandaların qruplardakı yerləri isə əvvəlcədən müəyyən edilmiş paylanma şablonuna uyğun təyin ediləcək.
Daha bir yenilik - güclü yığmaların pley-off şəbəkəsinin iki yarısına sərt şəkildə “ayrılmasıdır”: prosedur sənədlərində qeyd olunub ki, reytinqin birinci və ikinci yığmaları (İspaniya və Argentina), həmçinin üçüncü və dördüncü sıradakı komandalar (Fransa və İngiltərə) püşkatma zamanı yarımfinala gedən fərqli yollara yönləndiriləcək, beləliklə, onların turnirin son mərhələlərinə qədər qarşılaşmaması təmin ediləcək.
Konfederasiyalar üzrə məhdudiyyətlər prinsipial olaraq qüvvədə qalır, lakin 48 komanda səbəbindən daha önəmli olur: adi qaydada bir qrupda eyni konfederasiyadan yalnız bir komanda ola bilər, istisna – UEFA-dır (Avropanın 16 yerlik kvotası səbəbindən qrupda iki Avropa yığması ola bilər). Dördüncü səbətdəki pley-off iştirakçıları üçün də gələcək qaliblərin potensial konfederasiyaları nəzərə alınmaqla məhdudiyyətlər tətbiq edilir.
Azarkeşlər və təşkilatçılar üçün mühüm nüans: püşkatma yalnız qrup mərhələsinin rəqiblərini müəyyən edəcək. Oyunların stadionlar üzrə bölünməsi və matçların dəqiq başlama vaxtları isə dekabrın 6-da yenilənmiş təqvimlə ayrıca təsdiqlənəcək.
2026-cı il dünya çempionatının püşk səbətləri
1-ci səbət
Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət
Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət
Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası
4-cü səbət
İordaniya, Kaboverde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya
Avropa pley-offunun A yolunun qalibi (Bosniya və Herseqovina, İtaliya, Şimali İrlandiya və ya Uels)
Avropa pley-offunun B yolunun qalibi (Albaniya, Polşa, İsveç və ya Ukrayna)
Avropa pley-offunun C yolunun qalibi (Kosovo, Rumıniya, Slovakiya və ya Türkiyə)
Avropa pley-offunun D yolunun qalibi (Çexiya, Danimarka, Şimali Makedoniya və ya İrlandiya)
Qitələrarası pley-off turniri 1-in qalibi (Kongo Demokratik Respublikası, Yamayka və ya Yeni Kaledoniya)
Qitələrarası pley-off turniri 2-nin qalibi (Boliviya, İraq və ya Surinam)
Teymur Tuşiyev
