Joan Laporta “Barselona”nın planlarını açıqladı: Arauxo, ulduz transfer və Erik Qarsiya qərarı

Xəbərlər
5 Dekabr 2025 10:25
19
Joan Laporta “Barselona”nın planlarını açıqladı: Arauxo, ulduz transfer və Erik Qarsiya qərarı

İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta komandanın əsas müdafiəçilərindən biri Ronald Arauxo ilə bağlı emosional çıxış edib və futbolçuya tam dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

İdman.Biz xəbər verir ki, o, Arauxonun çox həssas və emosional xarakterə malik olduğunu bildirib.

Laporta bu cür məsələlərin mütləq mütəxəssislərin nəzarətində həll olunmalı olduğunu qeyd edib:

“Son söhbət zamanı ona minnətdarlığımı bildirdim və motivasiyalı şəkildə qayıtmağını dedim. Bunlar həssas mövzulardır və mütləq mütəxəssislərə buraxılmalıdır. Arauxo bizə lazım olan futbolçudur, onun xüsusiyyətlərinə malik başqa oyunçumuz yoxdur”.

“Barselona”nın transfer siyasətinə da toxunan klub prezidenti dünya səviyyəli futbolçunun transferinin yalnız zəruri halda mümkün olacağını açıqlayıb. “La Vanguardia” nəşrinə danışan Laporta bildirib ki, eyni komandada həddindən artıq ulduz futbolçunun olması həmişə müsbət nəticə vermir və bunun ətrafda canlı nümunələri var.

Laporta eyni zamanda “Barselona”nın müdafiəçisi Erik Qarsiya ilə bağlı da mühüm xəbəri dəqiqləşdirib. Onun sözlərinə görə, futbolçu ilə yeni müqavilə gələn həftə imzalanacaq.

İdman.Biz