“İstanbul derbisi dünyada maraqla izlənilən oyunlardan biridir”.
Bu sözləri futbol üzrə Azərbaycan millisinin idman direktoru İlqar Qurbanov Türkiyə Superliqasının XIV turunda “Fənərbağça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
“Fənərbağça”nın yetirməsi olan veteran müdafiəçi matçın çətin keçəcəyini bildirib. Onun sözlərinə görə, görüşün favoriti “Fənərbağça”dır.
“Bizi maraqlı oyun gözləyir. Düşünürəm ki, “Fənərbağça” bu qarşılaşmada qələbə qazanacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Bu gün “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq “Fənərbağça” - “Qalatasaray” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.
Qeyd edək ki, İlqar Qurbanov Türkiyədə, həmçinin “Sivasspor”, “Boluspor” və “Mersin İdmanyurdu” komandalarının da formasını geyinib.
