UEFA “Barselona” ilə “Ayntraxt” arasında Çempionlar Liqasının keçirilməsi nəzərdə tutulan matçın yenilənmiş “Kamp Nou” stadionunda oynanılacağını təsdiqləyib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, kataloniyalılar arenanın inspeksiyasından sonra bununla bağlı icazə əldə edə biliblər.
Stadionun yoxlanışı La Liqada “Alaves”lə (3:1) keçirilən qarşılaşma zamanı aparılıb.
UEFA nümayəndələri obyektin texniki vəziyyətini və təhlükəsizlik tədbirlərini qiymətləndiriblər: təxliyə marşrutlarını, naviqasiya sistemini, giriş-çıxış xidmətlərinin işini və azarkeş axınının təşkilini araşdırıblar.
Bir neçə saat davam edən baxış və klub rəhbərliyi ilə müzakirələrdən sonra inspektorlar müsbət rəy veriblər. Bu qərar artıq “Barselona”nın növbəti avrokubok oyununu doğma arenada keçirməsinə imkan yaradır.
