“Mən sabiq komandamı və bütün Azərbaycan çempionatını izləyirəm”.
Bu sözləri “Neftçi”nin keçmiş qapıçısı İvan Brkiç deyib.
Xorvatiyalı qolkiper “ağ-qaralar”ın hazırkı durumu ilə bağlı danışıb.
“Azərbaycan çempionatında çıxış edən bir çox klubun inkişaf etdiyini və daha yaxşı oynadığını görürəm. Amma “Neftçi” hələ də lazımi səviyyəyə qayıda bilmir. Skaut şöbəsi həqiqətən daha yaxşı iş görməlidir. Vəziyyəti dəyişdirməli olan son transfer kimi təkcə Abubakar kifayət deyil. Bütün tənqidlərə baxmayaraq, Emin Mahmudov yenidən komandanın ən yaxşı oyunçusudur”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
O, baş məşqçi Samir Abasovun istefaya göndərilməsinə də toxunub:
“Komanda yaxşı çıxış etməyəndə baş məşqçi əvəzlənir. Futbolda bu qaçılmazdır. Amma bunun “Neftçi”nin irəliləməsi üçün kifayət edib-etməyəcəyini, dürüst desəm, bilmirəm. Artıq bir çox məşqçi və oyunçu dəyişdirilib və işlər hələ də düzgün deyil”.
