Mixaylo Mudrikin dopinq qalmaqalı böyüyür

Xəbərlər
28 Noyabr 2025 15:34
20
Mixaylo Mudrikin dopinq qalmaqalı böyüyür

İngiltərənin Premyer Liqa təmsilçisi “Çelsi”nin ukraynalı futbolçusu Mixaylo Mudrik dopinq qalmaqalı yenidən gündəmə gəlib və futbolçunun vəziyyəti getdikcə daha ciddi xarakter alır.

İdman.Biz xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, İngiltərə Futbol Assosiasiyası Mudriki dopinq protokolunu pozmaqda rəsmi şəkildə ittiham edib və bu hal futbolçu üçün dörd il müddətinədək cəza ilə nəticələnə bilər.

Bu hadisə fonunda Mudrik barədə bir sıra əlavə detallar da üzə çıxıb. “Daily Mail”də jurnalist Kieran Gill tərəfindən qələmə alınan məlumatlara əsasən, ukraynalı futbolçunun son bir ili “saxta xəbərlər burulğanı”, dopinq qalmaqalı və şəxsi reputasiya böhranı ilə keçib. Jurnalist iddia edir ki, Mudrik özünü təmizləmək üçün “yalan detektoru” testindən keçib və dopinqi qəsdən qəbul etmədiyini sübut etməyə çalışıb. Bildirilir ki, futbolçunun ətrafında yayılan yanlış xəbərlər və şəffaflıq problemləri situasiyanı daha da ağırlaşdırıb.

Mənbələr yazır ki, Mudrikin “Çelsi”dəki gələcəyi də bu hadisələrdən sonra qeyri-müəyyənləşib. Klub daxili araşdırmanı davam etdirir və futbolçunun mümkün cəzası barədə qərar Futbol Assosiasiyasının yekun rəyindən sonra veriləcək. Müxtəlif iddialara görə, dopinq qalmaqalının ilk işartıları uzun araşdırmalar nəticəsində üzə çıxıb və Mudrikin bəzi tibbi prosedurları barədə yanlış yönləndirici məlumatlar onun vəziyyətini daha da mürəkkəbləşdirib.

Kieran Gillin araşdırmasında qeyd olunur ki, Mudrikin dopinq testindəki uyğunsuzluqların ortaya çıxması futbolçunun ən ağır dövrlərindən birinə təsadüf edib və bu müddətdə onun haqqındakı informasiya boşluğu saxta xəbərlərin artmasına səbəb olub. Mudrik və nümayəndələri iddia edirlər ki, futbolçu qadağan olunmuş maddələri bilərəkdən qəbul etməyib və öz günahsızlığını sübut etmək üçün bütün yolları sınayır, yalan detektoru da bunlardan biridir.

İdman.Biz

Məqalədə: